Bu əşyalardan istifadə etməyin! - Nazirlikdən VACİB XƏBƏRDARLIQ

8 İyun 2018 11:56 (UTC+04:00)

“Bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir”.
Movqe.az-ın xəbərinə görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Plastik qablar və polietilen torbaların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı keçirilən tədbirdə deyib.
İ.İbrahimova bildirib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzləri və parklara üz tuturlar: “Lakin təəssüf ki, istirahətdən sonra polietilen torbaları və paketləri təbiətə atırlar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib ki, artıq dünyada 40 ölkədə plastik qablardan istifadəyə qadağa qoyulub və ya məhdudlaşdırılıb:
“Müəyyən problemlər dövlət səviyyəsində həllini tapmalıdır. Bu problemin həlli ilk növbədə istehsalın qadağan edilməsindən başlaya bilər. Əhalinin fərd olaraq bu məsələyə necə töhfə verə biləcəyini düşünməliyik. İstehlakçılar mağazada alış-veriş edərkən şüşə və paket qablaşdırmada olan məhsullara önəm verə bilərlər. Bu məsələnin cəmiyyət tərəfindən müzakirə mövzusuna çevrilməsini istəyirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyət üçün açıqdır və bu mövzuda bütün təklifləri qəbul etməyə hazırıq”.
U.Tağıyeva onu da vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qabların yığılması üçün xüsusi konteynerlər sifariş edilib:
“Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılması ilə bağlı məktub göndərilib. Əsasən əhalinin sıx toplaşdığı yerlərdə və parklarda quraşdırılması nəzərdə tutulub”.