Azərbaycanda tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb

8 İyun 2018 12:57 (UTC+04:00)

Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb.

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, son 4 ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 68 faiz artıb. İlkin təhlillərə əsasən, 1118 elmi-tədqiqat işinin təxminən 43 faizi ali məktəblərin payına düşüb. Yalnız Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimləri tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən çox dərslik və dərs vəsaiti nəşr olunur.

C.Bayramov əlavə edib ki, 2017-ci ildə ali məktəblər tərəfindən AMEA-ya fundamental elmi tədqiqatlara dair 152 mühüm nəticə təqdim olunub.

Nazir qeyd edib ki, magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb.

C.Bayramov deyib ki, son illər doktorantura təhsilinin təkmilləşdirilməsi üçün əhəmiyyətli işlər aparılır:

"Hazırda ölkə üzrə doktorantura üzrə təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların isə 50 faizi ali təhsil müəssisələrinin payına düşür".

O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan "Xaricdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın aparıcı universitetlərinə göndərilən 3568 nəfərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub.