1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi FHN Akademiyası tərəfindən təltif olundu

8 İyun 2018 14:48 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Akademiyanın akt zalında təntənəli tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd – Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaranmasının 10 illik yubileyini qeyd etməklə yanaşı, Akademiyanın gənc kursantlarını tədbirə cəlb etmək, onlar arasında yaradıcı, istedadlı və bacarıqlı olanları aşkar etməkdən ibarət idi. Bununla belə, Mərkəzin dərnək üzvlərini Fövqəladə Hallar Nazirliyinin ümumtəhsil məktəbləri ilə birgə keçirdiyi təlimlərinə maraq oyatmaq, bu sahədə şagirdləri maarifləndirmək və gələcəkdə onlarda Fövqəladə Hallar Nazirliyin Akademiyasında təhsil almalarına maraq oyatmaqdır. 
Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov təhsil ocağının yaradılması və faəliyyəti barədə məlumat vermişdir. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Cəfərzadə Akademiyanın şəxsi heyətini və kursantları ali təhsil ocağının yaranmasının 10 illiyi münasibətilə təbrik etmişdir.
Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Akademiyanın gənc kursantları ilə birgə hazırladıqları kiçik səhnələr, şeirlər, rəqs və musiqi nömrələri, qumla rəsm kompozisiyası təqdim edilmişdir. 
Mərkəzin Təsviri Sənət Qalereyasının və “Təsviri və tətbiqi sənət” şöbəsinin dərnək üzvlərinin mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınmasını və s. rəsmlərindən ibarət sərgisi Akademiyanın foyesində nümayiş olunmuşdur.
Tədbirdən sonra iştirakçılar və qonaqlar Akademiyanın tarixini əks etdirən guşələrlə və Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar.
Akademiyanın kursantları və Mərkəzin dərnək üzvləri tədbirdə fəal iştiraklarına görə Mərkəz və Akademiya tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.