ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Masallıya səfərə gəlib

8 İyun 2018 15:04 (UTC+04:00)

 Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uiliam Qil Masallı rayonuna səfərə gəlib. Qonaqları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov qəbul edib. 
Rayon rəhbəri qonaqları səmimi və mehribanlıqla qarşılayıb, onlara Azərbaycanın qədim adət və ənənələri, 230 minə yaxın əhalisi olan Masallı, onun tarixi keçmişi, müasir mənzərəsi, təbiəti, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, yerli əhalinin məşğuliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Masallının torpağı məhdud olsa da münbitdir. Rayonun bir tərəfi Xəzər dənizi, bir tərəfi Talış dağları və füsunkar meşələri ilə əhatə olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Masallıya da hər gəlişi mühüm əhəmiyyətli yeni obyektlərin istifadəyə verilməsi, yeni infrastrukturların qurulmasının planlaşdırılması və rayonun gələcək inkişafı üçün tövsiyələri ilə tarixə dönür. RİH başçısı Prezident cənab İlham Əliyevin tövsiyələrinə əsaslanıb Masallıda və kəndlərdə yol strukturunun yaxşılaşdırılması, Viləşçay dəryaçasının ikinci növbəsinin tikintisi, çayçılığın inkişafı, istixana təsərrüfatlarının yaradılması məsələlərinə də geniş şərh verib. Bir vaxtlar faraş tərəvəzçilikdə, çayçılıqda qazanılmış və itirilmiş şöhrətdən, indi isə bu sahələrin uğurlu bərpasından, çiyələkçiliyə maraqdan danışıb. Həmçinin mebel sənayesi və inşaat işlərinin inkişafını ABŞ səfirinə çatdıran icra başçısı bu sahədə məşhur “EMBAWOOD” fabrikinin Masallı brendi olmasını, kərpic isteksalı sahəsindəki uğuru nəzərə çatdırıb. Rayonda turizmə diqqət artırılır. Rayon rəhbəri turizm üçün yaxşı şəraitin olmasını qeyd edib.
Bazar iqtisadiyyatı ilə inkişaf edən Masallıda sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur. Lazım olan şərait, yeni istehsal sahələri və iş yerləri yaradılır. Açılışı bu yaxınlarda olacaq Sənaye məhəlləsinin yaradılması 600-800 insanın əmək məşğulluğunun artmasına səbəb olacaq. Masallıda 105 min əmək qabiliyyətli adam var.
 ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uiliam Qili maraqlandıran sualları rayon rəhbəri ətraflı cavablandırıb.
Müvəqqəti işlər vəkili Uiliam Qili yüksək qonaqpərvərliyə görə Masallı RİH başçısı cənab R. Hüseynova minnətdarlığını bildirib. Qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın ABŞ-da səfirliyi açılib.Ötən bu müddət ərzində Amerika ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Diplomat ABŞ hökumətinin Azərbaycanın cənub bölgəsində qadınların hüquq və imkanlarının genişlənməsini, iqtisadi şaxələnməni dəstəklədiyini bildirib.
Görüş və Masallı ilə tanışlıq cay süfrəsi ətrafında səmimi dialoq şəraitində başa çatıb. Amerikalı qonaq Azərbaycana, Masallıya vurğun olduğunu dilə gətirib. Masallıda olmasından məmnunluğunu ifadə edib.
Sonda RİH başçısı R. Hüseynov amerikalı diplomata xatirə hədiyyəsi təqdim edib. 
Elə həmin gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uiliam Qil Masallıya səfəri çərçivəsində İstisuda olub.
Səfər çərçivəsində rayonun sahibkar qadınlarına iftar süfrəsi təşkil olunub. Mərasimdə səfirliyin əməkdaşları, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini, Proqramın layihə rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri, rayonun sahibkar qadınları, Milli Qəhrəmanların və Aprel döyüşçülərinin anaları iştirak ediblər.
Sonda dualar oxunub və iftar verilib. Əlihüsyn Şükürov