Avtomobil bazarında durğunluq olsa da qiymətlər düşmür

9 İyun 2018 09:03 (UTC+04:00)

Araşdırmalar göstərir ki, ənənəvi avtomobil bazarında, eləcə də onlayn avtomobil satışlarında durğunluq hökm sürür. Satıcı bol olsa da, alıcılar azdır. Amma buna rəğmən, atomobillərin qiymətlərində azalma müşahidə edilmir. Hətta əksinə, bəzi avtomobillərin qiymətində bir qədər artım var. 


“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirir ki, avtmobillə daşınmaz əmlakın fərqi daşınmaz əmlakın sayının uzun müddət nisbətən sabit qala bilməsindədir: “Ancaq avtomobillərin sayı artmadıqca, ümumi avtomobil parkı köhnəlir. Bu da gələcək dövr üçün problemlər yaradır. 
Nəzərə alaq ki, devalvasiyadan sonra Azərbaycanda avtomobillərin sayında əhəmiyyətli dərəcədə artım qeydə alınmayıb.   Hətta son üç ildə avtomobillərin sayı demək olar ki, dəyişməyib. Buna baxmayaraq, tələbat yerində qalıb. Düzdür, alıcılıq qabiliyyəti aşağı düşsə də, maşınların sayının artmaması ilə ölkədəki avtomobil parkının yaşlanmasını müşahidə edirik. Bu da yeni avtomobillərin sayını nisbətən aşağı salır. Ancaq avtomobillərin qiymətində ucuzlaşma müşahidə etmirik. Yəni, qiymətlərin enməsi üçün təklifin artımı lazımdır. Amma idxal edilən avtomobillərin sayı az olduğu üçün kütləvi təklif artımı yoxdur. Düzdür, bəzi banklar girov kimi qalmış avtomonillərin satışını həyata keçirir. Bunlar bazara müəyyən qədər təsir göstərir. Amma yenə də avtomobil bazarında aktivlik aşağıdır”.


"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, hazırda dünya dövlətləri böhrandan sonra yaranan problemləri aradan qaldırmaq üçün tədbirlər görürlər: “Ancaq böhranın miqyası böyük olduğuna görə nəticələrin bütün bazar seqmentlərinə təsiri davam edir. Daşınmaz və daşınan əmlak bazarındakı proseslər də birbaşa ölkə iqtisadiyyatı ilə bağlıdır. 
Avtomobil bazarında devalvasiyadan sonra qiymətlərin dollarla ifadəsi meydana çıxmışdı ki, baş verəcək hansısa devalvasiya onların qiymətinə təsir göstərməsin. Amma bu tədbir özünü doğrultmadı. Bir müddət sonra bazarda manatla təkliflər yarandı. Bu, onu göstərir ki, dollarla əməliyyatlar münasib olmadı”. Ekspert əlavə etdi ki, qiyməti formalaşdıran amillər var: “Bu, birincisi, avtomobilin satış qiyməti və haradan gətirilməsi ilə əlaqədardır. Bundan başqa, gömrük haqları amili də var. 
Nəzərə alaq ki, cari il gömrük haqlarında müəyyən artımlar qeydə alındı. Digər amil isə daxili bazardakı tələb və təklifin vəziyyətidir. Hazırda təklif çox,  tələb azdır. Bu da bazarın passivliyini ortaya qoymuş olur. Ancaq son nəticədə qiymətə təsirini göstərəcək. Hələ psixoloji amil var. Təklif edən şəxs avtomobilini yüksək qiymətə satmaq istəyir. Amma bazarda aktivlik yoxdursa, qiymətdə endirim olacaq.  Adətən, son sözü alıcı deyir. Bazarda tələb təklifdən azdırsa, bu,qiymətlərin düşməsinə səbəb olur. O baxımdan hazırkı qiymət artımları bir müddət sonra aşağı düşəcək”.
Mübariz BAYRAMOV