Paşinyanın Qarabağ sərsəmləmələri savaşı qaçılmaz edir

9 İyun 2018 13:06 (UTC+04:00)

Ermənistan tərəfi yenə zəbt olunmuş ərazilərdə separtçı rejimin Dağlıq Qarabağ danışıqlarında təmsil olunmasını gündəmə gətirir. Belə ki, Paşinyan hakimiyyətə gələr-gəlməz artıq ikinci dəfədir separatçı rejimin danışıqlarda təmsil olunmalı olduğunu ortaya atıb. Əvvəlki Sarkisyan rejimi dönəmində ilk dövrlər İrəvan bu kimi sərsəm təkliflərlə çıxış ediblər. Lakin sonradan həmin sərsəm fikirlərindən imtina etməsələr də, bir müddət bu istiqamətdə danışmağı dayandırdılar. İndi Paşinyan yenidən sözügedən fikri gündəmə gətirir. 

Məsələ bundadır ki, Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı yenidən bu mövzuya toxunaraq, 
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacağını, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqların effektiv olmayacağını iddia edib.  Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb. O bildirib ki, bunsuz danışıqlar effektiv olmaz. . O iddia edir ki, bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində təsbit olunub:  “1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sarkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq, onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə mənəvi əsaslarım yoxdur. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılmasında iştirak etmir”. Əgər Paşinyan Qarabağ separtçılarını ayrı tərəf kimi qəbul edirsə, onda nəyə görə, Ermənistanın hərbi bazaları işğal olunmuş ərazilərdə yerləşir? Eyni zamanda separatçı rejimin büdcəsi Ermənistan hesabına formalaşır, buradakı insanlar Ermənistan pasportu daşıyır. Hamıya aydındır ki, separatçılar əslində, İrəvan tərəfindən idarə olunur. Paşinyan isə bütün bunları rədd edirsə, onda Ermənistan separtçı rejimə dəsətyi kəsib ordusunu buradan çıxarmalıdır.

Azərbaycan separatçı rejimin mümkün olmadığını bildirsə də İrəvan hələlik mövqeyini dəyişmir. Azərbaycan tərəfi haqlı olaraq bəyan edib ki, torpaqlarımız Ermənistan tərəfdən işğal edilib, ona görə də danışıqlar da məhz İrəvanla aparılmalıdır. Bakının belə bir qətiyyətliyi fonunda Paşinyanın həyata keçməsi mümkün olmayan məsələni gündəmə gətirməsində məqsəd onun danışıqlardan yayınmaq istəyindən qaynaqlana bilər. Görünür, Paşinyan danışıqlardan yayınmaq istəyir, məhz ona görə də bu kimi cılız ideyaları ortaya atmaqla prosesin uzanmasına çalışır. 
Politoloq Rasim Ağayev qeyd etdi ki, danışıqların nəticəsiz uzanması sonda sözsüz ki, savaşı qaçılmaz edəcək: “Burada söhbət heç də savaşdan getmir. Birmənalı olaraq hamı, o cümlədən ermənilərin özləri də bilir ki, müharibə başlasa, Ermənistan üçün acınacaqlı olacaq. 
Hazırda ermənilərin siyasi baxışları keçən əsrin 80-ci illərin sonlarında olan baxışlardan qat-qat fərqlənir. İndi Ermənistanda tez-tez sual verirlər ki, Qarabağı alsalar da onun özləri üçün heç bir xeyri olmayıb. Əksinə, torpaq işğalı onlara baha başa gəlib, ölkə dərin bir uçurumdadır. Bir sözlə, erməni cəmiyyətində yorğunluq hiss olunur. Danışıqlarda Dağlıq Qarabağ separatçılarının iştirakını ortaya atan Paşinyan da gözəl bilir ki, Azərbaycan buna razılıq verməyəcək. Belədə, kənara çəkilməklə danışıqların uzanmasına nail olmaq istəyir. Çünki danışıqlara qatılsa, gərək onu bitirməlidirlər. Bitirməyi isə istəmirlər, çünki Paşinyan və komandası Ermənistanın qatı millətçilərindən ibarətdir. Ona görə də diplomatik yolla danışıqlardan qaçmağa çalışır. Paşinyan müharibəyə girişsə, indiki halda Rusiyadan kömək ala bilməyəcək. Çünki, Rusiya indiki vəziyyətdə istəməz ki, müharibəyə qarışsın. 
Digər tərəfdən, Qərbdə də ermənilərlə bağlı problemdən yorulublar.  Paşinyanın həmin fikri bir oyundur. Bununla dediyim kimi məsələnin uzanmasına səy göstrərir. Bəzi müşahidəçilər güman edir ki, Paşinyan müharibənin olmasında maraqlıdır. Çünki müharibədə qələbə qazanmaqla onun populyarlığı daha da yüksələ bilər. Amma məsələ belə deyil. Vaxt uzandıqca, bütün ermənilər başa düşür ki,ərazilərimizi işğal etsələr də, ortalıqda bir real nəticəyə nail ola bilməyiblər. Lakin aydın məsələdir ki, Azərbaycan da mövcud vəziyyətlə barışan deyil. Azərbaycan heç zaman torpaqların düşmən tapdağı altında qalması ilə barışmayacaq. Bu fonda Paşinyan separatçıların da danışıqlara qatılmasında israr edərək, danışıqlardan yayınsa, son sözü Azərbaycanın şanlı Ordusu deməli olacaq. Yəni danışıqlar real nəticə verməsə, əksinə, ermənilər prosesin irəliləməsinə yeni-yeni əngəllər yaratmaqla maneə olsalar, müharibə qaçılmaz olacaq”.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu xüsusda bildirir: “Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır.
Danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır. Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir”.

Rüfət NADİROĞLU