İkihakimiyyətlilik Ermənistanın çöküşünü sürətləndirir

12 İyun 2018 08:45 (UTC+04:00)

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır. Bu isə faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. 

Digər tərəfdən, işğalçı ölkədə Paşinyan hakimiyyətə yiyələnsə də, Serj Sarkisyan tərəfdarları məğlubiyyətin acısını çıxmaq üçün çalışmaqda davam edirlər. Ermənisanda mövcud olan ikihakimiyyətlilik fonunda aydın məsələdir ki, bu ölkədə mövcud olan ağır vəziyyət daha da pisləşəcək. Çünki, hər bir tərəf öz marağını güdərək, digərinin həyata keçirmək istədiyi addımların qarşısına sipər çəkəcək ki, bu da sonda düşmən ölkədə yaşanan ağıq sosial-iqtisadi durumu daha da gərginləşdirəcək. Düşmən ölkədə mövcud olan ikihakimiyyətlilik vəziyyəti Ermənistanın özünə, Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?

Politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistanda ikihakimiyyətliliyin mövcud olması bu ölkəni daha ağır və dərin uçuruma salacaq: “Zənnimcə, Ermənistanda daxili mübarizə güclü və kəskin xarakterlidir. Hazırda Sarkisyanı tamamilə məhv etmək üçün Paşinyan ciddi mübarizə aparır. Hətta erməni katolikosu Qarageni də tutduğu mövqeyindən uzaqlaşdırmağa çalışırlar.

Həmçinin, Serj Sarkisyanın fəaliyyətini araşdıran, xüsusilə 2008-ci ildə ölümlə nəticələnən və əhaliyə qarşı törədilən zor tətbiqilə bağlı tədqiqat aparan xüsusi istintaq qrupu yaradıb. Hansı ki, həmi istintaq qrupu Sarkisyanın bütün fəaliyyətini, xüsusən də 2008-ci ilin mart hadisələrini araşdırmalıdır. Zaman da göstərir ki, Köçəryan və Sarkisyanın daxil olduqları “Qarabağ klanı”na qarşı sərt mübarizə aparılır. Yeni hökumət çalışır ki, həmin klanın siyasi proseslərə təsiri minimuma ensin. Amma hər halda, Paşinyan siyasi proseslərdə o qədər də səriştəli deyil. O cərəyan edən prosesləri tam şəkildə uğurla idarə və nəzarət etmək gücündə deyil.

Ona görə də Ermənistanda qarşıdakı dönəmlərdə daxili çəkişmə və mübarizənin daha da gərgin olacağı gözlənilir. Hətta daxili çəkişmələr fonunda qan tökülə biləcəyi də istisna edilmir.

İstərdik ki, Ermənistanda cərəyan edən daxili mübarizə və çəkişmələr daha da gərginləşsin.  Fikrimcə, prosesin gedişindən asılı olaraq həmin qarşıdurma kəskinləşə, zəifləyə də bilər.  Hər halda, bir tərəfdən “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması olayı Dağlıq Qarabağ hadisələrinə müəyyən təsir göstərəcəyinə daiz bəzi ümidlər yaradır.

Digər tərəfdən, Paşinyanın verdiyi bəyanatlar və daha radikal, millətçi mövqe sərgiləməsi göstərir ki, Qarabağ məsələsində ermənilərin hamısının düşüncəsi eynidir. Amma hər halda, Paşinyanın səriştəsizliyi və “Qarabağ klanı” ilə apardığı mübarizə, ölkədə ikihakimiyyətliliyin hökm sürməsi Ermənistan dövləti üçün heç bir uğurlu işıqlı gələcək vəd etmir”.

“Qafqaz”  Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy qeyd etdi ki, Paşinyanın başı üzərində hələ də “Domokl qılıncı” sallanmaqda davam edəcək: “Ermənistanda mövcud olan hazırkı vəziyyət işğalçı ölkənin daha pis duruma düşməsinə, daha ciddi risqlərin yaranmasına səbəb ola bilər. Paşinyan bu fonda müəyyən addımların atılmasından qaçına bilər. Bu addımlar da daxili siyasətdə bəzi islahatların keçirilməsində özünü göstərə bilər. Çünki parlamentə mövcud olan vəziyyətdə Paşinyanın başı üzərində “domokl qılıncı” qalmaqda davam edəcək.

Ermənistanda yaşanan ikihakimiyyətlilik Paşinyanın xarici siyasətdə də daha diqqətli, ehtiyatlı addımlar atmasına gətirib çıxara bilər. Bu daha çox özünü Rusiya ilə münasibətlərdə göstərəcək. Eyni zamanda, Türkiyə, Qərblə əlaqələrdə də özünü göstərə bilər. Paşinyan bu fonda Azərbaycanla münasibətlərdə kompromisə gedən hər hansı bir xətt varsa, ondan da çəkinməyə çalışacaq. Dağlıq Qarabağdakı separatçı rejimin də danışıqlar prosesinə cəlb edilməsi təklifi son 25 ildə işğalçıların bu istiqamətdə mövqeyinin daha da sərtləşdiyini göstərir. Hazırda bu istiqamətdə sərtləşmənin olduğunu müşahidə etməkdəyik. Ermənistanda mövcud olan həssas durum Paşinyanın Qarabağ məsələsində manevr  imkanlarını məhdudlaşdırır”.

Rüfət NADİROĞLU