Arif Rəhimovun şikayəti təmin edilmədi

12 İyun 2018 10:35 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru" markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado" markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel" markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

 

Onun idarə etdiyi "Subaru" markalı avtomobil atası Q.Rəhimova məxsus olduğu üçün o da zərərçəkmiş şəxs kimi tanınıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalıb və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov şikayəti təmin etməyib və hökmü qüvvədə saxlayıb.