Təhsil Nazirliyi köçürülən tələbələrin SAYINI açıqladı

12 İyun 2018 15:26 (UTC+04:00)

Bu il bakalavriat və magistratura səviyyələri üzrə tələbə köçürmələri üçün transfer.edu.az portalı vasitəsi ilə müraciət edən 1067 nəfərin sorğusu təsdiq olunub.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.

 

Nazirlikdən əlavə edilib ki, 2017-2018-ci tədris ilində 225 nəfər Azərbaycan vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.

Hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.

Trend