Azərbaycan dünya enerji bazarında daha bir möhtəşəm uğura imza atdı

13 İyun 2018 08:55 (UTC+04:00)

İyunun 12-də Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi oldu.

Əskişəhərdə baş tutan açılış mərasiminə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, boru kəmərində pay sahibi olan şirkət rəhbərləri, habelə bir sıra digər ölkələrin dövlət və hökumət başçıları qatılıb.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. TANAP layihəsi “Şahdəniz-2” layihəsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilkin olaraq Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz nəql olunacaq ki, onun da 6 mlrd. kubmetri qardaş ölkəyə, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, həmin layihə bir daha göstərir ki, Azərbaycan regionun daha güclü və ən əhəmiyyətli dövlətidir: “Azərbaycanın regionda və daha geniş mənada apardığı enerji siyasəti artıq bir proses yaradıb. Elə bir proses ki, əlbəttə, ilk növbədə Azərbaycanın özü, yerləşdiyimiz region, habelə enerji infrastrukturunun əhatə edildiyi daha geniş coğrafiya üçün çox böyük və yeni hadisədir. Artıq bir neçə ildir ki, həmin proses gedir. Azərbaycan kimi bir çox ölkələri enerji resurslarına malikdir. Hətta elə ölkələr var ki, qat-qat çox enerji resurslarına sahibdir. Amma ölkəmizi fərqləndirən cəhət odur ki, Azərbaycan sırf öz gücü və imkanları vasitəsilə, müttəfiq hesab etdiyi dövlətlərin də qoşulduğu şəraitdə böyük və əhəmiyyətli bir tarixi prosesə başlayır.

Ziddiyyətli dünyada, münasibətlərin fərqli olduğu şəraitdə belə Azərbaycan öz siyasətini yeritmək imkanına malikdir. Bu kiməsə xoş gələ, kiməsə də xoş gəlməyə bilər. Amma hətta bu cür şəraitdə Azərbaycanın yürütdüyü siyasət elədir ki, prosesin əleyhinə olanlar belə ölkəmiz üçün açıq şəkildə problem yaratmaqdan çəkinirlər. Bu mənada Şimala, Cənuba da baxa bilərik. Habelə digər coğrafiyalardakı prosesləri izləyəndə də görərik ki, hazırki dünyada heç bir iş rahat başa gəlmir. Yəni Azərbaycan siyasətindəki ustalıq ondan ibarətdir ki, ölkəmiz milli mənafeyin tələb etdiyi hədəflərə çatanda düşmən qazanmır, açıq siyasət yeridir. Bu da böyük bir hadisədir.

Proses başlayanan indiyə qədər çoxsaylı ziddiyyətli hadisələri gördük. Vəziyyət, hökumətlər dəyişir. Amma Azərbaycan dövləti istənilən şəraitə hazırdır. Bütün bu kimi ziddiyyətli məqamlara baxmayaraq, hər dəfə də nəticə ortaya qoya bilirik. Mayın 29-da nəticə ortaya qoyduq, iyunun 12-də isə daha böyük nəticəyə imza atdıq. Bütün bunlar Azərbaycan siyasətinin böyük uğurudur. Bu istiqamətdə ayrı-ayrı parametrlər üzrə saatlarla prosesin Azərbaycana verəcəyi dividendlərdən danışa bilərik. Hesab edirəm ki, bu, dünya əhəmiyyətli bir hadisədir, Avropa üçün faydalı bir prosesdir. Həmin layihənin əleyhinə olanlar belə ona qarşı açıq şəkildə heç bir fəaliyyət göstərməyəcək. Çünki belə hərəkətlərin mənası yoxdur. Azərbaycan regionun güclü və ən əhəmiyyətli dövlətidir. Təbii ki, Azərbaycan birinci növbədə öz milli maraqlarını üstün tutaraq və ondan irəli gələn tələbləri həyata keçirərək, region, Avropa və geniş mənada dünya miqyasında özünün siyasi və iqtisadi sözünü deyə bilir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Azərbaycan həmin layihədən 150 milyard dollarlıq gəlir götürəcək: “Qeyd edim ki, TANAP layihəsi 4 hissədən ibarətdir. Bura “Şahdəniz” layihəsinin 2-ci fazasının istifadəyə verilməsi, eyni zamanda Cənubi Qafqaz Qaz Kəmərinin yeniləşməsi, TANAP və TAP kəmərləri vasitəsilə mavi qazı Avropa bazarına çıxarılması daxildir.

TANAP Azərbaycan qazının Türkiyə bazarına çıxarılmasını təmin edəcək bir layihədir. Azərbaycan bu fonda ilk mərhələdə TANAP vasitəsilə Türkiyə bazarına 6 milyard kubmetrlik qaz çıxaracaq. Proses eyni zamanda, TANAP-dan keçməklə Avropa bazarına 10 milyard kubmetrlik mavi qazın nəql edilməsini nəzərdə tutur. İkinci mərhələdə isə Avropaya yönələcək mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Bütövlükdə Türkiyə daxil olmaqla Avropaya 31 milyard kubmetr qazın daxil olması gözlənilir. Eyni zamanda burada digər əhəmiyyətli məqamlar da var.

 

 TANAP Şərqi Avropa ölkələrinin Azərbaycan mavi qazından faydalanmasına imkan verəcək.  Belə ki, Bolqarıstan TANAP-dan illik 1,5 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. Bu da TANAP vasitəsilə qazın Şərqi Avropa bazarına da nəql edilməsinə imkan verəcək. Azərbaycan qazı Yunanıstan sərhədinədək nəql edəcək. TANAP, bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycan üçün vacibdir.

Həmin layihə mövcud qiymətlər fonunda ölkəmizə 150 milyard dollarlıq gəlir vəd edir. Hazırda Azərbaycan illik 29 milyard kubmetr qaz hasil edir. TANAP  və TAP-ın istifadəyə verilməsilə isə qaz hasilatının 50 milyard kubmetrə çatdırılması gözlənilir. Layihə ölkəmizin dövlət gəlirlərinin artırılması və stabil dövlət gəlirlərinin olması baxımından vacibdir.  “Əsrin kontrakt”ı 2050-ci ilə qədər uzadılıb və bu Azərbaycana illik 7 milyard dollarlıq gəlirin gəlməsi deməkdir. TANAP-ın istifadəyə verilməsi isə dövlət gəlirlərimizin illik 12 milyard dollaradək artmasına imkan verəcək.

TANAP-ın işə düşməsilə Azərbaycanın regionda strateji və iqtisadi baxımdan mövqeyi də möhkəmlənəcək ki, bu baxımdan da layihə ölkəmiz üçün vacibdir. Nəticədə regional məsələlərdə Azərbaycan öz mövqeyini qoruyub saxlayacaq. TANAP həmçinin Türkiyə və Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə verəcək.  Bu layihə regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması demək olacaq”.

Həmsöhbətimizin fikrincə, TANAP layihəsini gələcək perspektivdə başqa istiqamətlər üzrə genişləndirmək mümkündür: “Layihənin növbəti mərhələdə məhz Şərqi Avropaya doğru genişləndirilməsi nəzərdə tutulur. Gələcək perspektivdə sözügedən layihə Bolqarıstan, ardınca Şərqi Avropanın digər ölkələri, o cümlədən Macarıstanın da həmin kəmərdən mavi qaz almasına gətirib çıxara bilər. Yəni TANAP yalnız Yunanıstan, Albaniya, Cənubi Avropa deyil, eyni zamanda, Şərqi Avropanın da mavi qazla təminatında aparıcı mövqeyə malik ola bilər”.

Rüfət NADİROĞLU