Nəsimi rayonunda Milli Qurtuluş günü ərəfəsində növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib

12 İyun 2018 17:53 (UTC+04:00)

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Abadlıq quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır.

15 iyun- Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  3-cü mikrorayon  Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin  səmərəli keçirilmələri  üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları,oyun elementləri  və idman meydançası  quraşdırılmışdır.

Görüşdə sakinləri qarşıdan gələn müqəddəs Ramazan bayramı və 15 iyun – Milli Qurtuluş günü münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirdi ki,  bu gün ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov   qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun  ayrı-ayrı ünvanlarında fasadlarında əsaslı təmir işləri  və binaların həyətlərində abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Sonra yeni istifadəyə verilmiş “Abad həyət”də sakinlərin səyyar qəbulu keçirilmişdir.  Tədbirin sonunda R.Məmmədov 17 və 19  ünvanının sakinləri  öz binalarının həyətlərində  aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.