Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı keçirilir

13 İyun 2018 15:41 (UTC+04:00)

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimat mərasimi keçirilib.

Movqe.az xəbər verir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur.

Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur.

Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.

Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər yer alıb.

Əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.

Sonra Prezidentin köməkçisi Əli Həsənov, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Beynəlxalq Türk Akademiyasının prezidenti Dаrxаn Kıdıralı, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov çıxış ediblər.

 

AzərTac