Masallı şəhər uşaq-incəsənət məktəbində hesabat konserti olub

13 İyun 2018 16:10 (UTC+04:00)

Dərs ilinin başa çatması ilə əlaqədar Masallı uşaq-incəsənət məktəbində hesabat konserti olub.
Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində rəsm şöbəsi şagirdlərinin əl işləri ilə tanış olublar.
Məktəbin direktoru Azər Əhədzadə  çıxış edərək təhsil ocağının  2017-2018-ci  dərs ilində qazandığı nailiyyətlər barədə məlumat verib, fərqlənən bir qrup şagirdə diplomlar təqdim edib.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev uşaq-incəsənət məktəbinin şagirdləri qarşısında çıxış edərək onlara uğurlar arzu ediblər.
11 illik təhsil bazasına malik məktəbin bu il qazandığı uğurlardan, əldə olunmuş nailiyyətlərdən danışılıb. Bildirilib ki, 
2016-cı ilin sentyabr ayından yeni binada fəaliyyət göstərən təhsil ocağında 8 ixtisas üzrə 324 şagirdin təlimi ilə 76 müəllim məşğul olur.
Uşaq-incəsənət məktəbinin konsert zalında xor, rəqs, fortepiano, xanəndəlik, qarmon, tar, balaban, kamança şöbələrində təhsil alan şagirdlərin ifaları dinlənilib.
Tədbir geniş konsert proqramı ilə davam edib.  Şagirdlər klassik Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən parçaları, eləcə də milli rəqsləri məharətlə ifa ediblər.
Sonda tədris ilində fərqlənən şagirdlərin bir qrupuna Fəxri-fərmanlar və diplomlar verilib.
Qeyd edək ki, Masallı şəhər uşaq-incəsənət məktəbi 1979-cu ildə inşa edilib. 
1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Məktəbin ərazisində yaşıllıq zolağı salınıb, geniş abadlıq işləri görülüb.Müasir musiqi ocağı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 sentyabr 2016-cı il tarixdə  Masallı rayonuna növbəti səfəri çərçivəsində, ölkə rəhbərinin xeyir-duası ilə istifadəyə verilib.
 

Əlihüseyn Şükürov