Azərbaycan və Türkiyənin növbəti zəfəri

14 İyun 2018 09:24 (UTC+04:00)

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin Türkiyənin Əskişəhər şəhərində açılışı olub. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

“Cənub Qaz Dəhlizi”nin işə başlaması Qərblə ölkəmiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini bir daha təsdiqləyir. Bu əlaqələr regionun lideri və enerji ölkəsi olan Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi böyük töhfədir. Bu, həm də o deməkdir ki, Azərbaycan Şərqlə Qərb arasındakı enerji daşımaları, ticarət dövriyyəsi əlaqələrinin təminatı istiqamətində vacib rol oynayır.

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. İlk növbədə Aİ-nin təbii qazdan birtərəfli asılılığı aradan qalxacaq. Bu səbəbdən qaz təchizatının şaxələndirilməsinin genişləndiyi indiki dövrdə Azərbaycanın əhəmiyyəti sürətlə artır. Azərbaycan marşrutunun çəkisini artıran səbəblərdən biri də bu istiqamətin parlaq gələcəyinin olmasıdır. Xəzərin karbohidrogen ehtiyatları ilə yanaşı gələcəkdə bu dəhlizlə digər regionlardan enerji resurslarının tranzit daşınması həyata keçirilə bilər. Bütün bu ehtimallar və reallıq fonunda “Cənub Qaz Dəhlizi”nin rolu və əhəmiyyəti aydan-aya artır. Vaxtilə ticarət əlaqələrinin genişlənməsində əsrlər boyu fəaliyyət göstərmiş Qədim İpək Yolunun müasirləşmiş marşrutu ilə Müasir Enerji Yolu yaranır və bu layihənin əsasında TANAP dayanır.

“TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” – bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin açılış münasibətilə söylədiyi nitqində yer alıb.

Həqiqətən enerji təhlükəsizliyi hər bir ölkənin iqtisadi və siyasi maraqlarının mərkəzində yer tutur. Kəmərin açılışında Ukrayna və Srbiya prezidentlərinin, Bolqarıstanın baş nazirirnin və Şimali Kipr xalqının liderinin iştirak etmələri layihənin çəkisi və perspektivi haqda çox şey söyləyir. Ona görə ki, hazırda bu ölkələrin TANAP-la birbaşa əlaqəsi yoxdur. Lakin bu ölkələr kəmərdən mavi yanacaq almağa qərar veriblər. Çünki, marşrut və məhsul sərfəli və keyfiyyətlidir, daha ucuz başa gəlir və “Cənub Qaz Dəhlizi”nin üzərində siyasi təzyiq mexanizmləri “qurulmayıb”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, TANAP-ın işə düşməsi ilə  bölgə və bir neçə Avropa ölkəsi üçün tarixi addım atılıb. Qardaş ölkə başçısının bu açıqlaması ilə Qərb yetkililəri də razılaşır. ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk deyib: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq, ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə kəmərlə bağlı fikrini belə ifadə edib: “TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”.

Rəylər və şərhlər sübut edir ki, yeni qaz kəməri ağıllı və uzaqgörənliklə planlaşdırılmış və həyata keçirilmiş iqtisadi siyasətin parlaq nəticəsidir. “Cənub Qaz Dəhlizi”nin inikallığı onda əks olunur ki,  həm yanacağı satana, həm də alana iqtisadi və siyasi dividentlər gətirir. Bütün bunların səbəbkarı isə məhz Azərbaycan rəhbərliyinin mükəmməl siyasətinə bağlıdır.

N.NOVRUZ