Düşmən ölkəni daha ağır zərbələr gözləyir

14 İyun 2018 09:37 (UTC+04:00)

Naxçıvan olayı ilə Bakı İrəvana mesaj verdi ki, danışıqlar masasına əsassız şərtlər irəli sürmədən qayıtmasa, daha böyük zərbə alacaq.

Qeyd edək ki, may ayında həyata keçirilən əməliyyatla Azərbaycan Ordusu Naxçıvanın Günnüt kəndi də daxil olmaqla bir sıra məntəqələrini düşməndən azad edib. Nəticədə, 11 min hektardan artıq torpaq sahəsi yenidən Azərbaycan Ordusunun nəzarəti altına keçib. İki il əvvəl, aprel döyüşləri zamanı da müzəffər Azərbaycan Ordusu strateji əhəmiyyətli Lələtəpə yüksəkliyilə birlikdə bir sıra ərazilərindən işğalçıları qovmağa nail oldu. İndi isə düşmən daha bir istiqamətdə ağır məglubiyyətə tuş gəlib. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusu qısa zamanda düşməni darmadağın edərək, nəinki işğal altında qalan bütün torpaqları azad etmək, hətta indi erməni faşistlərinin yuvasına çevrilən qədim türk torpaqlarında onları tam məhv etmək gücündədir. Ona görə gərəkdir ki, düşmən tərəf baş verən proseslərdən nəticə çıxarsın. Nəticə çıxarmayacağı təqdirdə, vəziyyət onların özləri üçün daha acınacaqlı olacaq. Ermənistanın yeni hökuməti isə hələlik ancaq hay-küy qaldırmaq, danışıqlar prosesində əsassız iddialarla çıxış etmək istiqamətində fəaliyyət göstərir. Belə ki, Paşinyan heç bir əsas olmadan həyasızcasına bəyan edir ki, Dağlıq Qarabağın separatçı rejimi də danışıqlar prosesinə cəlb edilməlidir.

Milli Məclisin deputatı Elman Məmmədov erməni işğalçılarının başlarına gələn ağır məğlubiyyətlərdən nəticə çıxaracağına əmin deyil. Onun fikrincə, düşmən nəticə çıxarmamaqda davam etməklə isə özünü çıxılması mümkünsüz olan daha dərin quyuya salacaq: “Ötən illər ərzində dəfələrlə qeyd etmişəm ki, nəhayət,  erməni xalqı düzgün fikirləşməyi və qiymət verməyi, məsələyə, vəziyyətə ayıq gözlə baxmağı bacarmalıdır. Bu fonda da erməni xalqı vəziyyətdən çıxmaq üçün özünə ağıllı, hadisələri düzgün dəyərləndirməyi bacaran rəhbər seçməlidir. Ancaq Serj Sarkisyanın yerinə küçədən, hay-küylə meydana çıxan Paşinyanı gətirdilər.

Belə bir məsəl var, hər xalq özünə layiq rəhbəri seçir. Yəqin ki, erməni xalqının ağıllısı, baş biləni elə Zori Balayan, Kapitukyan, Sarkisyan, Köçəryan, Paşinyan kimiləri olur. Onların ağılında bir şey var ki, o da erməni xəstəliyindən ibarətdir. Həmin xəstəlik də bütün qonşu dövlətlərə qarşı ərazi iddiası, işğalçılıq siyasətindən ibarətdir. Ancaq bu, çıxış yolu deyil. Həmin yol erməniləri fəlakətə sürükləyir. İndi də ermənilər ağılsız, sərsəm bəyanatlarla çıxış etməkdə davam edir. Deməli, hadisələrin gedişindən düzgün nəticə çıxarmaqda acizdirlər.

Ermənilər nəticə çıxara bilmir ki, Azərbaycan regionun güclü dövlətidir. Azərbaycan Ordusu isə dünyanın ən güclü 50 ordusu arasında yer alıb. Ölkəmiz əraziləri işğaldan azad etmək üçün çox qüdrətli hərbi və iqtisadi gücə malikdir. Azərbaycanın cəsarətli və qətiyyətli Ali Baş Komandanı var. Ermənilər bütün bunları düzgün götür-qoy edə bilmir.  Görünür, hələ də yollarını azmaqda davam edir və düzgün yola qayıtmaq fikrindən tamamilə uzaqdırlar. Düşmən ölkə Lələtəpədən sonra Naxçıvan şilləsini də aldı. Belə bir hadisədən sonra erməni tərəfi konstruktiv danışıqlar prosesinə qayıtmasa, Azərbaycan öz hərbi gücündən təbii ki, istifadə etməklə əraziləri işğaldan azad edəcək. Bu fonda isə Ermənistanı indi olduğundan da daha ağır fəlakətlər gözləyir. Hər il yüz minlərlə insan aclıq, səfalət, işsizlik, ölümdən qaçaraq Ermənistanı tərk edib gedir. Düşmən tərəf prosesi bundan sonra da düzgün qiymətləndirə bilməsə, özünü çıxılması mümkün olmayan daha dərin bir uçuruma salacaq. Bəlkə, şimaldakı ağaları erməniləri prosesdən nəticə çıxarmaları üçün ağıllandırar. Bu da olmasa, düşmən ölkəni daha ağır günlər gözləyir”.

Rüfət NADİROĞLU