İntensiv yağışlar yeni sürüşmə sahələri yaradır

14 İyun 2018 10:17 (UTC+04:00)

Ölkədə yağan aramsız yağışlar bir sıra bölgələrdə sel və daşqınlara səbəb olub. Atmosfer yağıntılarının normadan çox düşməsi  sürüşmə sahələrinin qeydə alındığı rayonlarda da müşahidə olunur. Bəs görəsən, intensiv yağan yağışlar sürüşmə sahələrinə hansı təsir göstərib?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyir ki, son  günlər  düşən atmosfer yağıntıları Azərbaycanın Böyük Qafqaz regionunda yerləşən rayonlarında bir çox sürüşmə sahələrində qismən aktivləşməyə səbəb olub.

S. Əmiraslanov hətta bəzi ərazilərdə atmosfer yağıntılarının yeni sürüşmə sahələri yaratdığını da söyləyir: “Yağan yağışlar çayətrafı sürüşmə sahələrinin yaranmasına səbəb olub. İsmayıllı rayonunda Girdiman çayının sol sahilində yerləşən Müdrisə kəndində son yağıntılar yeni sürüşmə sahələrinin baş verməsinə səbəb olub.  Son günlər Böyük Qafqazın  cənub-qərb yamaclarında Balakən-Zaqatala rayonlarında sel hadisələri ilə müşayət olunur. Cənub bölgəsində isə sürüşmə sahələrində elə bir aktivləşmə müşahidə edilmir”.

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov isə yağışların intensiv hal almasının əsasən bölgələrimizdə müşayət olunduğunu, bu səbəbdən də paytaxt ərazisində sürüşmə sahələrində ciddi dəyişikliyin qeydə alınmadığını söylədi: “Paytaxtdakı sürüşmə sahələrində ciddi dəyişiklik yoxdur. Amma Abşeron rayonunun "Nübar" qəsəbəsində, "At yalı" adlanan yaşayış massivində və Masazırda "Zəli gölü" adlanan ərazidə aktivlik hələ də var. Bu həm təbii, həm də texnogen təsirlərdən qaynaqlanır”.  R. Həsənov yağışlar paytaxtda da intensivləşərsə, mövcud sürüşmə sahələrində aktivləşməyə səbəb olacağının qaçılmaz olduğunu söyləyir.

Dəstə rəisi ümumilikdə paytaxt ərazisində subasma, istər də sürüşmə sahələrinin stabil olaraq qaldığını söylədi. Onun sözlərinə görə, Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələrində, Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” və daş karxanası adlanan ərazilərində gərginlik qalmaqdadır. O, hələ ki sadalanan subasma sahələrində artım müşahidə edilmədiyini bildirdi: “Paytaxtda subasma sahələrində artım əsasən payız-qış aylarında müşahidə olunur. Yay aylarında isə adətən subasma sahələrində vəziyyət stabil qalır. Amma yağışlar paytaxtda da intensiv hal alarsa, subasma sahələrində artım gözləniləndir”.

Qeyd edək ki, son günlər respublikanın müxtəlif rayonlarına yağan yağışlar çayların öz məcrasından çıxmasına, körpülərin uçmasına səbəb olub. Hətta Balakən rayonunun Katex kəndindən keçən magistral yolun kənarında asfaltın çökməsi hadisəsi də qeydə alınıb.

 

Zülfiyyə QULUYEVA