Azərbaycanda dünya bazarında ən bahalı taxıl sortunun əkini genişləndiriləcək

14 İyun 2018 12:18 (UTC+04:00)

Nənələrimiz bişirdikləri çörəyin ətrindən, dadından danışanda bunu həmin dövrdə əkilən buğdanın, istehsal olunan unun keyfiyyəti ilə əlaqələndirirdilər. Həmin dövrdən bizi o qədər də böyük zaman ayırmasa da, artıq ölkəmizdə 50-60 il bundan öncə əkilən buğda sortlarından çox az hallarda istifadə olunur. Bəlkə də elə bu səbəbdəndir ki, ağız dadımız dəyişib, bişirilən çörəklərdə əvvəlki qoxu, dad qalmayıb. 
Son illər az-az hallarda əkilən buğda sortlarından biri də bərk buğda növüdür. Artıq mütəxəssislər fermerlərin diqqətini illər əvvəl ölkəmizdə geniş əkilən bu buğda növünün əkinin genişləndirilməsinə çəkirlər. Sən demə, illər öncə bərk buğdanın Vətəni sayılan Azərbaycan indi bu sort buğdanı makaron və vermişel istehsal etmək üçün xaricdən alır. Bu günlərdə qeyd olunan  məsələyə toxunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bildirib ki, Azərbaycan ənənəvi olaraq bərk buğdanın Vətəni hesab olunur. Amma nəyə görə isə fermerlərimiz bərk buğdanı becərməyə maraqlı görünmürlər. Onun sözlərinə görə, bərk buğda "Made in Azerbaijan" brendi altında ən yüksək ixrac potensialına malik olan bir bitkidir: "Azərbaycanın bərk buğdasından istehsal olunan un və un məmulatları, yəni, makaron, vermişel və s. xüsusi ətrə, dada malikdirlər. Amma əksəriyyət xaricdə istehsal olmuş makaronu baha qiymətə almağa üstünlük verir. Azərbaycanın özündə bu buğdaya böyük ehtiyac var. Makaron istehsalı ilə məşğul olan zavodlar, fabriklər bu məhsulu xaricdən alıb gətirirlər. Yəni bu işi Azərbaycanda təşkil etmək çox asandır və mümkündür". «Mövqe» qəzeti bərk buğdanın ölkəmizdə yetişdirilməsini əngəlləyən səbəbləri araşdırıb. 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı  Movqe.az-a bildirib ki, ölkəmizdə bərk  taxıl istehsalı illər öncə mövcud olsa da, indi çox az sahələrdə bərk taxıl əkilir. Q. Bayramlı bunun səbəbinin ölkəmizdəki dəyirmanların bərk taxıl üyütmədiyi ilə bağlı olduğunu вурьулайыр. Həmsöhbətimiz bu səbəbdən də bərk taxılın xaricdən idxal edildiyini deyir. Elə bərk taxıl da ona görə bizdə heyvan yemi kimi istifadə edilir: “Əvvəllər ölkəmizdə sərt taxıl istehsalının çox olmasının səbəbi, bərk taxıl üyüdən dəyirmanların sayının kifayət qədər çox olması ilə bağlı idi. Artıq o dəyirmanlar öz işini dayandırıb. Ölkəmizdə əgər makaron istehsalında bərk taxıla tələbat varsa, biz özümüzdə potensial ola-ola bu sort taxılı xaricdən idxal etməməliyik. Bu sort yetişdirilərək əkin sahələri genişləndirilməlidir”.
Q. Bayramlı bərk taxıl sortundan alınan unun daha keyfiyyətli olduğunu söyləyir: “Bərk taxılın unu dadına, ətrinə görə də fərqlənir. Bu undan bişirilən çörəklərin ətri, dadı fərqlənir. Keçmişdə nənələrimiz bu undan daha çox çörək bişirərdilər. Ona görə də, düşünürəm ki, artıq Azərbaycanda bərk taxılın daha məhsuldar sortunun əkinini genişləndirmək vacibdir. Sərt taxılın dövlət tərəfindən də alınması məhduddur. Bu gün böyük dəyirmanlarımız idxal  taxılına daha çox üstünlük  verirlər. Bu, onunla bağlıdır ki, sərt taxılı üyüdən dəyirmanların “dişi” daha tez xarab olur. Ona görə də, dəyirmanlar idxal taxılına üstünlük verirlər. Sərt taxılın satışına problemi də elə dəyirmanlar yaradır. Bu üzdən sərt taxıl adətən heyvan yemi kimi istifadə olunur. Əgər biz bərk taxılın əkin sahələrini genişləndirsək, bərk taxıl üyüdən dəyirman şəbəkələrinin yaradılması şərtdir. Yoxsa fermerlərin buna marağı olmayacaq”.
Həmsöhbətimiz deyir ki, yumşaq taxılın ölkəmizdə yetişdirilməsinə, yüksək aqrotexniki qulluqlar lazım olduğu halda, bərk taxıl dəmyə torpaqda yetişir. 
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai isə deyir ki, bərk buğdalardan əsasən emal müəssisələrində istifadə olunur: “Buna səbəb bərk buğdanın yumşaq buğda ilə müqayisədə daha keyfiyyətli və yapışqan olması ilə bağldır. Həmçinin yumşaq buğda ilə müqayisədə bərk buğdanın  qiyməti dünya bazarında 50 faiz yüksək olur. Sovetlər dönəmində də, Azərbaycan bərk buğda istehsalında ixtisaslaşmış ölkə olub. Yumşaq buğda bizə xaricdən idxal olunurdu. 
Sovetlər dönəmində bərk buğdanın satınalma qiyməti birinci sinif üzrə 100 faiz, ikinci sinif üzrə 35-40 faiz baha idi. Ən axırıncı faiz bərk buğdanın qiyməti belə yumşaq buğda ilə müqayisədə 10 faiz baha idi. Bərk buğdanın əkilməsi Azərbaycan üçün perespektivlidir. Bu gün ölkəmizdə 991 min hektar buğda əkilirsə, onun təxminən 10-15 faizinin bərk buğda təşkil edir. Bu gün bərk buğdanın emal müəssisələri az olduğundan fermerlər də onun əkininə  maraq göstərmir”.
İnstitut direktoru bərk buğdanı ixrac edib yumşaq buğda da идхал etməyin mümkün olduğunu söyləyir: “Bu gün bərk buğdanın dəni sərt olduğundan, dəyirmanlar bərk buğda emal etmir. Amma tədricən ölkəmizdə emal müəssisələri formalaşır. Həmin dəyirmanlar yarandıqdan sonra bərk buğdanın ölkəmizdə üyüdülməsi problemi ortadana qalxacaq”.
 Cavanşir Təlai  bildirir ki, yumşaq buğda ilə bərk buğdanın ununu qarışdırdıqda çox keyfiyyətli və dadlı çörək istehsal etmək mümkündür: “Bərk buğdalar əsasən cənub bölgəsində dəmyə torpaqda əkilir. Çünki, cənub bölgəsinin iqlimi onun yetişməsi üçün daha əlverişlidir”. 

Qeyd edək ki, Azərbaycanda əkilən buğda sortları arasında qiymətli bərk buğda sortları da mövcuddur. Hazırda bərk buğda sortlarından Mirbəşir-50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan 23, Tərtər 2, Yaqut, Bərəkətli 95, Turan, Əlincə 84, Qarabağ respublikanın müxtəlif ərazilərində əkilib-becərilir. Makaron sənayesi ilə yanaşı, bərk buğdalar çörək bişirilmədə də xüsusi əhəmiyyətə malikdir. Bərk buğdаnın  sünbülü dоlu, dəni uzunsоv sаrı, аçıq və yа tünd kəhrаbа rəngində, kоnsistеnsiyаsı isə şüşəvаri оlur. Pаyızlıq və yаzlıq bərk buğdа bеcərilir. Bərk buğdаdаn dənəvər və mаkаrоn unu istеhsаl еdilir. Yumşаq buğdаnın 9 növü, bərk buğdаnın 10 növü vаrdır.

Zülfiyyə QULUYEVA