Avropa İttifaqından Ermənistana Qarabağ xəbərdarlığı

21 İyun 2018 09:00 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Ermənistanla bağlı sərt mövqe sərgiləyərək, Dağlıq Qarabağ münaqişəsinin təcili həll olunmasını tələb edib. Aİ-nin saytında yerləşdirilən məlumatda qeyd edilir ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyin və rifahın möhkəmlənməsinə əngəl olaraq qalır. Burada həmçinin bildirilir ki, Aİ münaqişənin tez bir zamanda beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə uyğun şəkildə həll olunmasını tələb edir.

Qeyd edək ki, artıq Aİ-nin işğalçı Ermənistana təsir imkanları artır. Belə ki, Ermənistan Aİ-lə əməkdaşlıq sazişi imzalayıb. Nəticədə Ermənistan Aİ tərəfindən irəli sürülən bir sıra öhdəliklərə əməl etməlidir. Bu mənada da qurumun İrəvana təsir gücünün artdığını söyləmək olar. Digər tərəfdən, Ermənistanda hakimkiyyətə yiyələnən Nikol Paşinyanın da qərbpərəst olduğu iddia edilir. Düzdür, hələlik, onun real olaraq fəaliyyətində bu sezilmir.

Politoloq Elşən Manafovun fikrincə, Aİ-nin konfliktin həllinə Ermənistana təzyiq və sanksiyalar tətbiq etməklə töhfə verə bilər: “Avropa İttifaqının Ermənistanla bağlı son vaxtlar verdiyi açıqlamalar  bir daha onu göstərir ki, qurum qitənin enerji təhlükəsizliyində Azərbaycan dövlətinin oynadığı və oynaya biləcək rola böyük önəm və əhəmiyyət verir. Aİ Cənubu Qafqazla bağlı mövcud layihələrinin həyata keçməsində Azərbaycan dövlətinin birmənalı şəkildə böyük rol və çəkiyə malik olması faktoru da təbii ki, birliyə daxil olan dövlətlərin elitalarının diqqətindən yayınmır. “Cənubi Qafqaz Dəhlizi”nin tərkib hissəsi olan  TANAP layihəsinin nəhayət ki, gerçək olması, Mərkəzi və Cənubi Avropanın  yaxın perspektivdə Azərbaycandan qaz alması da qurumu Azərbaycanla münasibətlərini inkişaf etdirməyə sövq edib. 

Bundan əlavə, Azərbaycan bir qayda olaraq etimadı doğruldan və üzərinə götürən öhdəlikləri yerinə yetirən ölkə olaraq da Aİ üçün maraqlı dövlətdir, belə bir etimadı qazanmışıq. Əksinə, Ermənistan həm Cənubi Qafqazın təhlükəsizliyilə bağlı məsələdə qeyri-konstruktiv mövqe sərgiləyir, həm də Rusiyanın vassalı olaraq onun təsir dairəsindən çıxa bilmir. Ümumiyyətlə, Ermənistanda Paşinyanın hakimiyyət başına gəlməsindən sonra belə, xarici siyasətlə bağlı daban-dabana zidd istiqamətdə verdiyi açıqlamalar da onu göstərir ki, bölgənin aparıcı dövləti olaraq, xüsusi maliyyə imkanına sahib Azərbaycanla münasibətlərin qurulması  məhz Aİ-nin maraqlarına cavab verir. İstər TRASEKA, istər TAP, TANAP layihələri, istərsə də, Asiyadan Azərbaycandan keçməklə Avropaya gedən nəqliyyat tranzit layihələrinin reallaşdırılmasında Bakının rolu birmənalıdır. Aİ-nin Azərbaycana olan marağının kökündə dayanan amil təbii ki, ölkəmizə olan xüsusi sevgi və ehtiramdan irəli gəlmir. Aİ-nin öz marağından, bölgə ilə bağlı geosiyasi, geoiqtisadi maraqlarından irəli gəlir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin enerji siyasəti və təhlükəsizliklə bağlı həyata keçirdiyi siyasət ittifaq ölkələri siyasi elitalarının da diqqətindən yayınmayıb. Ona görə də bölgənin xüsusi çəkiyə malik ölkəsilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi mhəm birlik ölkələri, həm də dövlətimizin maraqlarına cavab verən bir ampulada davam edəcək.

Nəzərə alaq ki, nə Azərbaycan, nə də Ermənistan Avropa İttifaqının üzvü deyil. Amma Aİ ümumiyyətlə, dünyada çox böyük siyasi gücə, geoiqtisadi imkanlara malik bir qurumdur. Baxmayaraq ki, Böyük Birtaniyanın ittifaqdan çıxması ilə qurumun gələcək taleyi bir qədər sual altına düşdü. Eyni zamanda, anoloji addımın İtaliya və İspaniya tərəfindən atılacağı ilə bağlı proqnozlar da səslənir. Habelə, qurum üzvləri olan Almaniya ilə Fransanın ABŞ-la münasibətlərində problemlər yaşanır.  Bütün bunlara baxmayaraq, Aİ dünyanın ABŞ, Yaponiya və Çinlə yanaşı əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən biri olaraq qalmaqdadır.

Unutmaq lazım deyil ki, «böyük 20-lər»in tərkibində Aİ-nin aparıcı dövlətləri də özlərinə yer alıb. İttifaqın sadaladığım kriteriyalar üzrə mühüm çəkiyə malik olması onu göstərir ki, həmin qurumla münasibətlərin gələcək forması və inkişafı Ermənistanın da diqqətindən kənarda qalmamalıdır. Ona görə də Aİ Cənubi Qafqazla bağlı strateji layihələrinə ciddi xələl gətirəcək Ermənistan kimi bir dövlətin nazı və istəklərilə uzun müddət oynamayacaq. Siyasətdə maraqlar var. Bu fonda hətta xristian təəssübkeşliyilə bağlı faktlar da geri çəkilə bilər. Unutmayaq ki, Kosovo probleminin həlli zamanı bu ölkə əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Yuqoslaviyanın parçalanması məsələsində Aİ  xristian təəssübkeşliyindən deyil, özünün geosiyasi maraqlarından çıxış etdi. Bu mənada Aİ tərəfindən Yuqoslaviyaya edilən eyni sanksiyalar təbii ki, Ermənistanı da gözləyə bilər”.

Rüfət NADİROĞLU