Erməni inqilabının əksinqilab dövrü başlayır

21 İyun 2018 09:30 (UTC+04:00)

Ermənistan parlamentində respublika Partiyasının  fraksiyasının üzvü, general Manvel Qriqoryanın deputat toxunulmazlığı 81 səs lehinə, 3 əleyhinə olmaqla ləğv edilib. Müharibə canisi olan şəxsin həbsə atılması keçmiş prezident və keçmiş baş nazir Serj Sarkisyanın klanının özəyini təşkil edən cinayətkar qruplaşmaya qarşı açılmış cəbhədir. Baş nazir və eyni zamanda erməni inqilabının bayraqdarı Nikol Paşinyanın hakimiyyətini möhkəmlətmək üçün atdığı bu addım köhnələrin onun əleyhinə daha sıx birləşmələrinə kömək edəcək. Çünki, kasıb ölkədə yalnız korrupsiya, oğurluq, quldurluq yolu ilə varlanmaq mümkündür. Serjin komandasında isə kasıb adam yoxdur. Onun klanı yalnız oliqarxlardan ibarətdir.

Oliqarx olmaq isə qeyri-rəsmi olaraq real “hakimiyyət” deməkdir. Parlamentdə səsvermə zamanı Manvel Qriqoryanın əleyhinə konsensusun əldə edilməsi ilk baxışda respublikaçıların uduzması anlamına gəlsə də əslində, onlar məsələnin ictimailəşməsindən sonra bu addımı məcburi atıblar. Çünki, Qarabağda qəddarlığı ilə tanınan general Manvel Qriqoryanın cinayətləri ermənilərin özlərində də heyrət doğurub. Azərbaycanlıların qanına susayıb onları gülləbəran edən bu adam öz həmmillətlərinin də malına susayıb onlara ayrılan azuqələri mənimsəyib, bazarda satdıraraq özü üçün milyonlar əldə edib. İndi respublikaçılar belə manera sərgiləyirlər ki, sanki onlar korrupsioner Manveldən canlarını qurtarıblar. Amma onlar bununla öz canlarının hayına qalmaq istəyirlər.

Ermənistanda hamı bilir ki, Serj Sarkisyanın komandasında bu və ya digər şəkildə cinayət törətməyən məmur yoxdur. Çünki, onun idarəetmə sistemi bütünlüklə korrupsiyalaşmış dəstə\dən ibarət idi. İndi baş nazir Paşinyan ortaya çıxıb guya ölkəni düzəltmək istəyir. Lakin o, hələlik blmir ki, necə vənədən başlasın. Üstəlik, tarixən mənasızlığını çoxdan sübut etmiş “erməni vətəpərvərliyi” xarakteri ona düzgün mübarizə metodu seçməyə imkan vermir. Ermənilər bir qarın çörəyin və kasıbçmılığın daşını atmağın davasını edirlər. Paşinyan isə küyə gedərək “Böyük Ermənistan” eşqi ilə yaşayır. Siyasi savadı və dünyagörüşü ona imkan vermir ki, ölkəni acınacaqlı vəziyyətdən çıxarmağın həqiqi yollarının elmə əsaslanan iqtisadi-siyasi həllini tapsın. Buna görə də köhnələrin iç üzünü açmaqla cəmiyyəti ələ almağı düşünür. Lakin bununla əksinqilab havasını gücləndirir.

Paşinyan bu gün keçmiş məmurların cinayətlərini açır və bu cinayətlərin hamısının kökü siyasi hakimiyyətin işğalçılıq siyasətinə bağlıdır. Həyat bizə məhz Ermənistanın simasında sübut etdi ki, cinayətkarlar əvvəl-axır cəzalarına çatırlar. Ancaq Paşinyan özü bu prosesin içində ola-ola işğalçılıq siyasətini davam etdirməklə sələflərini getdiyi yolla gedir. O, bir ayda iki dəfə Azərbaycanın işğal edilmiş ərazisinə ayaq basıb. Bununla da əslində Serj Sarkisyanın komandasının işğalçılıq siyasətinə dəstək verib. Belə olan halda onun manvel qriqoryanlara qarşı mübarizəsi səmərə verə bilərmi? Axı, Ermənistan əhalisi yenə yarıqarnı tox, yarıqarnı ac qalacaq. Sözlə qarın doymur, iş lazımdır. İş isə qəhətə çəkilib. Ermənistan Azərbaycanın realdan çətin olan virtual blokadasındadır. Heç bir sahibkar, xarici investor bu lazımsız ölkəyə investiya yatırmaq istəmir. Çünki, risklidir. Bura qoyulan vəsait özünü doğrultmur, gəlir gətirmir. Regiona gələnlər Ermənistandan yan ötüb, varlı və dinamik inkişafda olan Azərbaycana üz tuturlar.

Belə bir ictimai-siyasi və iqtisadi fonda Paşinyanın Serj Sarkisyana sataşması, onun silahdaşlarını gözaltılaması parçalanmış erməni cəmiyyətində ziddiyyətləri daha da dərinləşdirəcək və inqilabın əks qüvvələrini fəallaşdıracaq. Hadisələrin tendensiyası göstərir ki, tezliklə, düşmən ölkədə qarşıdurmalar yeni istiqamət alacaq.

N.NOVRUZ