"Buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq" - Nazir

21 İyun 2018 12:58 (UTC+04:00)

"Təhsilin inkişafı ölkəmizin tərəqqisi baxımdan vacib amildir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub".
 
Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov dərs ilinin yekunlarına dair hesabat tədbirində bildirib.
 
2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən C. Bayramov bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.
 
C. Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iş aparılır. Nazir yeni qəbul modelinin üstünlüklərini açıqlayaraq deyib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.
 
“Təhsil haqqında” qanunda edilən dəyişiklikləri diqqətə çatdıran nazir bildirib ki, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur. Həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
 
Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən nazir sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.