Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

21 İyun 2018 14:48 (UTC+04:00)

Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan Zaqatalada təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 40 nəfər istifadə edib.
Dövlət Miqrasiya Xidmətindən Movqe.az-a  verilən xəbərə görə, onlardan 17-nə ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 8 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 8 nəfərindən isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. 

Bundan başqa 7 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün tələb edilən sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər. 

Qeyd olunub ki, səyyar xidmətlərin təşkilində məqsəd xidmət istifadəçilərinin məmnunluğunu, vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərinin qəbulunun yerində və operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.