Qul ağasına qarşı çıxır

22 İyun 2018 08:00 (UTC+04:00)

Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Aykakan jamanak” qəzetində Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqalədə bildirilir ki, İrəvan tərəfindən Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. Qeyd edilir ki, “Metsamor“ AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Bütün bunlara son qoyulması tələb edlilir. Beləliklə, İrəvan getdikcə daha çox Rusiyaya qarşı çıxır.

Əslində erməni mətbuatında Rusiya əleyhinə belə bir yazının dərc edilməsi görünməmiş hadisə sayılmalıdır. Bu hal İrəvan yetkililərinin Kremlə cihada başlaması anlamına gəlməlidir. Axı, harda görünüb ki, ağa öz obyekti üçün əlaltısından icazə alsın, yaxud ona hansısa məbləğdə haqq ödəsin. Bütün dünya bilir ki, Ermənistan əlində-ovcunda olan əmlakı ilə bərabər Rusiyanın təbəəliyindədir. Ümumiyyətlə, həm siyasi, həm də iqtisadi cəhətdən Moskvanın iradəsindən asılı olan erməni siyasi hakimiyyətinin belə cəhdləri yalnız qiyam adlandırıla bilər. Qiyam?! Rusiyaya, Putinə qarşı?! Paşinyanın deyəsən dilverənləri çox uzağa gediblər. Amma özləri uzağa getsələr də, gözləri burunlarının ucundan uzağı görə bilmir.

Nikol Paşinyanın əsas dilverəninin Qərbin hamiliyi ilə xaricdəki erməni diasporunun olduğu artıq deşifrə olunub. Bunun üçün hansısa gizli məlumatlar axtarmağa ehtiyac yoxdur. Ermənistan hakimiyyətində baş verənlər bu tentensiyanə aydın göstərir. Hökumət bütünlüklə Qərbə meyillənib və bunun başlıca səbəbkarı özünü Kremlin adamı kimi göstərən Paşinyandır. Əgər kimsə düşünürsə ki, bütün bunlardan Moskva xəbərsizdir, onda ciddi səhv edir. Baş verən prosesin hər bir ilməsi Kremldən daha aydın görünür və dəyərləndirilir. Təəssüf ki, Ermənistanın hökumətdəki əsas fiquru olan baş nazir hələ ki, Kremlin nəzarətindən yayındığını düşünür. Ancaq ciddi surətdə səhv edir.

2016-cı ilin aprel döyüşlərində erməniləri Rusiya xilas edib. Kremldən Bakıya edilən zənglər, xahişlər  4 günə ermənilərə dərs olmuş döyüşlərin dayandırılmasına səbəb oldu. Bir halda ki, öz ərazisini silah gücünə azad etməyə başlamış Azərbaycandan hücumu dayandırmaq xahişini etmək üçün özündə üz tapan Rusiya bunu əksini də xahiş etməyə üz tapa bilər. Həm də bu dəfə məsələ daha asan olacaq, axı, Azərbaycan ədalətin ağırlıq mərkəzidir. Yeri gəlmişkən, Paşinyan birinci dəfə Qarabağa qanunsuz səfər edəndə “Paşinyanın helikopteri niyə vurulmadı?” deyə bəzi mətbuat orqanları diletantlıq etmişdilər. Amma sonralar yeni baş nazir sərsəmləyəndən sonra Naxçıvan istiqamətində 11 min hektar ərazi Azərbaycan Ordusu tərəfindən azad ediləndə Paşinyan başda olmaqla ermənilərdən heç kim düşünə bilmədi ki, bu, nə gözlənilməz həmlədir. Əksinə, azad edilmiş zonaları gülünc şəkildə gah neytral zona, gah özlərinin icazəsi (?) ilə azərbaycanlıların dədə-baba yurdlarını ziyarət etməsi və sairə adlandırdılar. Amma erməni yazarlardan biri öz mətbuatlarında buna “Zakir Həsənov öz torpaqlarını azad edib” deyə rişxənd etsə də uğursuzluğa düçar oldu. Çünki, elə biz də onu deyirik ki, torpaqlarımızın bir hissəsini azad etmişik və bunun ertəsi günü Azərbaycanın müdafiə naziri Zakir Həsənov inamlı şəkildə bildirdi ki, İrəvan-Qafan-Gorus-Laçın yolu nəzarət altına alınıb. Bu o deməkdir ki, döyüşlər başlanacağı təqdirdə düşmənin hərbi qüvvələri ikiqat atəş altında qalacaq.

İndi siyasi və hərbi ekspertlər öz şərhlərində tez-tez “Kreml İrəavana qarşı hansı cəza tədbirləri görə bilər?” deyə, sual edir və buna cavab axtarırlar. Halbuki, baş sındırıb xüsusi tədbirlər fikirləşməyə ehtiyac yoxdur. Sadəcə, Kreml Azərbaycanın qarşısını kəsməyəcək və Ermənistanın hərbə-zorbası özünə qalacaq. Buna görə də Paşinyan o zaman hakimiyyətdə möhkəmlənə və Ermənistanı çətin vəziyyətdən çıxara bilər ki, Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqlara və ədalətə əməl etməklə konstruktiv mövqe tuta və Azərbaycanın beynəlxalq birlik tərəfindən dəstəklənən Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilməsi təklifi əsasında sülhə razılaşa. Yox, əgər, Azərbaycan işğal edilmiş ərazilərini müharibə yolu ilə qaytarsa, onda, təbii ki, yüksək müxtariyyət də olmayacaq.

N.NOVRUZ