Azərbaycan cəbhədə daha güclü mövqenin sahibinə çevrilir

22 İyun 2018 08:26 (UTC+04:00)

Naxçıvanda çox uğurlu əməliyyat keçirilib. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur”. Müdafiə nazirinin Laçına gedən yola artıq ordumuz nəzarət etməsi ilə bağlı vurğuladıqları Ermənistana xəbərdarlıq hesab edilə bilərmi? Bu hal Azərbaycana hansı üstünlüklər qazandırır?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Laçına gedən yola nəzarəti bərpa etməklə Azərbaycan Ordusu artıq İrəvanı da asanlıqla hədəfə ala bilər: “Təbii ki, Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi uğurlu əməliyyatla Laçına gedən yola da nəzarəti ələ keçirməsi Ermənistana edilən ciddi bir xəbərdarlıqdır. Həmin zonanı müəyyən qədər tanıyıram. Həmin yerlərdə əmin-amanlıq vaxtı olmuşam.

Müdafiə nazirimiz cənab Zakir Həsənov dedi ki, Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir. Bu məsələyə bir qədər aydınlıq gətirmək istərdim. Həmin yol Laçına Ermənistandan, yəni İrəvan istiqamətindən gələn magistral avtomobil yoludur. Azərbaycan Ordusunun həmin yüksəklikləri əldə etməsilə 11 min hektarlıq ərazi nəzarətimiz altına keçib. Həm də əldə etdiyimiz bu yüksəkliklərdən Laçına gedən yol birbaşa olaraq, açıq-aydın görünür.

 

İstənilən vaxt Azərbaycan Ordusu həmin yolda olan hər bir düşmən hədəfini məhv edə, istəsə yolu kəsə, oradan İrəvana da keçə də bilər. Həqiqətən də, Azərbaycan Ordusunun uğurlu əks-həmlə ilə bir neçə yüksəkliyi alması ilə qanmaz düşməni başa salırıq ki, İrəvanın artıq 70-80 kilometrliyindəyik. İstənilən vaxtı Ermənistanın padşah gədəsinin oturduğu yeri də vurmaq gücündəyik. Ona görə də düşmən ağıllanmalı, işğalçı düşmənçilik siyasətindən əl çəkməlidir. Amma görürük ki, ermənilər ağıllanmır. Sözügedən uğurlu əməliyyat bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən istiqamətdən düşməni darmadağın edə və daha da irəliləyə bilər. Ancaq beynəlxalq təşkilatlar, həmsədr dövlətlər, ermənipərəst havadarlar hələlik buna imkan vermir. Lakin artıq onların imkan verib-vermədiyinə baxmayacağıq. Çünki, onlar 25 ildir ki, başımızın altına danışıq yastığını qoysalar da, bu istiqamətdə Ermənistanın günahı üzündən ötən müddət ərzində hər hansı bir irəliləyiş olmayıb. Artıq bu vəziyyəti dəyişməyin zamanı çatıb. Əməli işə keçmək lazımdır. Azərbaycan Ordusu Ali Baş Komandanın əmrilə torpaqlarımızı işğaldan azad etmək üçün öz gücündən istifadə etməlidir. Çünki, ermənilər hələ də status-kvonun qorunmasına cəhd edir, işğalçılıqdan əl çəkmir. Danışıqlardan isə sadəcə olaraq, vaxt udmaq məqsədilə istifadə edirlər. Ona görə də hesab edirəm ki, mövcud gücümüzdən istifadə etməklə torpaqlarımız azad etməliyik. Heç bir dövlətin torpağında gözümüz yoxdur. Heç bir dövlətə qarşı müharibə etmək fikrində də deyilik. Sadəcə olaraq, Azərbaycan torpaqlarında uzun illərdir kök salmış cinayətkar düşmən qüvvələri torpağımızdan çıxarmaq üçün  hərbi əməliyyatlar keçirəcəyik və inşaAllah buna nail olacağıq”.

 Qarabağ Azadlıq Təşkilatı (QAT) sədri Akif Nağı da qeyd etdi ki, Laçın yolunun Azərbaycan Ordusunun nəzarəti altına keçməsilə Ermənistandan Dağlıq Qarabağ separatçılarına hərbi texnika və canlı qüvvə göndərilməsi mümkünsüz hala gələcək: “Hesab edirəm ki, Naxçıvan ərazisində Azərbaycan ordusu tərəfindən Qızılqaya və digər yüksəkliklərin götürülməsi ciddi bir hadisədir.

Bu mənada oradakı Laçın yoluna da nəzarət edilməsi növbəti mərhələdə geniş hərbi əməliyyatlara başlamaq üçün vacib bir mövqedir. Çünki müharibə başlayacağı təqdirdə, Ermənistanla Dağlıq Qarabağ arasında əlaqəyə nəzarət etmək əhərbi baxımdan çox vacibdir.

İnanmaq istərdim ki, ordumuz tərəfindən başlanan proses hərbi əməliyyatlar üçün bir hazırlıqdır. Yəni təkcə xəbərdarlıq deyil. Çünki xəbərdarlıqla ermənilər yola gəlmir. Onlara ancaq sarsıdıcı zərbələr vurulmalıdır. Naxçıvanda həyata keçirilən əməliyyatı da məhz bu baxımdan dəyərləndirirəm. Ermənilər başa düşməlidirlər ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistandan Dağlıq Qarabağa hərbi texnikanın, canlı qüvvənin göndərilməsi demək olar qeyri-mümkün olacaq. Onlar bunu başa düşərək, Azərbaycanın haqlı mövqeyini qəbul etməlidir”.

Rüfət NADİROĞLU