Xarici ticarət dövriyyəsində Azərbaycanın istədiyi vəziyyət formalaşır

22 İyun 2018 08:46 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb. Dövr ərzində Azərbaycan xarici ölkələrlə 11 milyard 226 milyon  ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,5% çoxdur. 5 aylıq ticarət dövriyyəsinin 7,371 milyard  dolları ixracın, 3,855 milyard  dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 65,6%, idxal isə 36,85% artıb. Xarici ticarət dövriyyəsində bu müsbət rəqəmələri şərtləndirən səbəblər hansılardır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, xarici ticarətdə əldə olunan yüksək müsbət saldo ilk növbədə dünya bazarlarında neftin qiymətinin bahalaşmasından qaynaqlanır: “Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun daha çox artması məlum məsələdir. Əldə edilən müsbət saldo ilk növbədə neftlə bağlıdır.

Hazırda dünya bazarlarında neftin qiymətinin bahalaşması,  Azərbaycanın da müəyyən mənada neft hasilatını artırması “qara qızıl”, neft məhsulu və qaz ixracından daxil olmaların, əldə edilən gəlirlərin  əhəmiyyətli səviyyədə çoxalması ilə nəticələnib. Ötən illə müqayisədə bu göstərici 2,5 milyard dollaradək yüksəlib. Son nəticədə yaranmış vəziyyət xarici ticarət saldosunun müsbət göstəricilərinin ötən illə müqayisədə kəskin artımına gətirib çıxarıb”.

Ekspert onu da qeyd etdi ki, prosesdə müəyyən qədər qeyri-neft sektorunun rolu da vardır: “Həmin dövr ərzində müəyyən qədər qeyri-neft sektoru üzrə də ixrac məhsulları artıb. Ötən ilin 5 ayı ilə müqayisədə bu ilin anoloji dövründə qeyri-neft məhsullarının ixracı 9 faiz çoxalıb. Amma qeyri-neft məhsulları ixracının bazası kiçik olduğundan, həmin artımın özü böyük rəqəmlərlə ifadə olunmur. Ötən illə müqayisədə fərq təxminən 70-80 milyon dollardır”. 

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov da həmkarı kimi düşünür ki, xarici ticarətdə müsbət saldonun əhəmiyyətli dərəcədə artmasında neft amili, onun qiymətinin artması xüsusi rola malik olub: “Baş verən müsbət saldo ilk növbədə neftin qiymətlərilə bağlıdır. Keçən il neftin qiyməti təxminən 40-50 dollar arasında olub. İndi isə bu qiymət 70 dolları belə keçib. Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac həcmi də tədricən artmaqdadır. Azərbaycan hökuməti bildiyiniz kimi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının artırılması istiqamətində məqsədyönlü siyasət yürüdür. Bu istiqamətdə geniş proqram həyata keçirilir

Zənnimcə, məhz bu iki amil xarici ticarətdə əldə olunan prosesdə öz sözünü deyib”.

Rüfət NADİROĞLU