Baş nazir: "Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib"

22 İyun 2018 11:05 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Novruz Məmmədov CAMCA regional forumunda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan dünyanın ən mürəkkəb və ən mühüm yerində, Şərqlə Qərbin, İslamla xristianlığın qovuşduğu yerdə yerləşir: "Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından zəngin ölkədir".

Baş nazir Azərbaycanın Qərblə, Avropa ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihələrdən də danışıb:

 

"Azərbaycan bu istiqamətdə çox böyük layihələr həyata keçirib. Şərqlə Qərb arasında İpək yolunu bərpa etmək üçün böyük addımlar atıb. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması üçün çox böyük addımlar atıb. Azərbaycan Bakı ilə Avropanı dəmir yolu vasitəsilə birləşdirib".

N.Məmmədov əlavə edib ki, Azərbaycan enerji sahəsində də çox böyük layihələr həyata keçirir: "Bu gün də bu layihələrin davamı TANAP və TAP-dır. Enerjidaşıyıcılara ehtiyacı olan ölkələrin bu layihələrə daha güclü dəstək göstərəcəyini gözləmək olardı, amma təəssüflər olsun ki, bəzən kiçik hisslərin belə böyük məqsədlərə mane olduğunu görürsən".