Bakıda sərxoş piyada yüksək sürətli yolda canından oldu

22 İyun 2018 11:53 (UTC+04:00)

Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az-ın qafqazinfo.az-a istinadən məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

1944-cü il təvəllüdlü Əliyev Tofiq Mahmud oğlunun idarə etdiyi "Ford" markalı avtomobil keçmiş "Bağırov körpüsü"nün yaxınlığında təxminən 50-55 yaşlarında, şəxsiyyəti hələlik məlum olmayan kişini vurub. Nəticədə həmin piyada hadisə yerindəcə keçinib.

Şahidlərin sözlərinə görə, həmin piyada bir neçə dəfə yolun hərəkət hissəsi ilə yolu qarşı tərəfə keçib. Ətrafdakıların iradına da məhəl qoymayan kişi sonda yol qəzasına səbəb olub. Onun həmin vaxt sərxoş olduğu iddia edilir.

Əraziyə Nəsimanov RPİ-nin istintaqçıları və YPX müfəttişləri cəlb olunub, müayinələr aparılıb. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, bu prospektdə avtomobillərin hərəkətinə icazə verilən sürət 90 km/saatdır.