Gün eynəklərindən istifadə edənlərə XƏBƏRDARLIQ

22 İyun 2018 14:43 (UTC+04:00)

Havaların isinməsi günəş eynəklərinə olan təlabatı artırır. Bu gün şəhərin istənilən yerində - mağazalarda, köşklərdə və b. yerlərdə gün eynəklərinin satışına rast gəlirik. Satışda olan eynəklərin qiyməti 8-20 manat arasında dəyişir. Maraq doğuran məqamsa odur ki, hər hansı bir brend olduqca ucuz qiymətə alıcılara təqdim edilir. Sözügedən eynəklər əksəriyyəti saxta məhsullardır. 

Movqe.az milli.az-a istinadən bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində gün eynəklərinin zərərləri barədə maraqlı süjet yayımlanıb.

Sakin: "Yay fəslində gözümdə qızartılar olur. Ona görə eynəkdən istifadə edirəm. Hətta bəzi eynəklərin üzündən də qaşınma və qızartılar olur. Buna fikr vermək lazımdır".

Əksər alıcılar adətən sağlamlıqdan çox məhsulun qiymətinə və xarici görünüşünə önəm verir. Adətən keyfiyyətsiz eynəklər gözlərin zəifləməsinə, gözdə təzyiqin və qaşınmanın yaranmasına eləcə də baş ağrısına səbəb olur.

Mütəxəssislər bildirir ki, məhsulun qiymətinin baha olması məhsulun keyfiyyətli olması demək deyil. Gün eynəyi seçərkən üz anatomiyasına uyğun, üzə yaxşı oturan, qulaqlara və buruna təzyiq etməyən və ultrabənövşəyi şüaları keçirməyən eynək seçmək lazımdır. Eynəyin keyfiyyətini yoxlamaq üçün onu gözünüzə taxdıqdan sonra şaquli bir xətt üzrə baxmaq lazımdır. Bu vəziyyətdə eynəyi yuxarı-aşağı və sağa-sola hərəkət etdirdiyinizdə baxdığınız şaquli xətdə oynama və ya qırılmalar yaranırsa, eynək keyfiyyətsiz eynəkdir.

Əlniyaz Ramazanov (həkim): "Çalışmaq lazımdır ki, şüşə eynəklərdən istifadə olunsun. Bunların xeyiri çoxdur. Onlar gözləri qoruyur və sakitləşdirir".

Bəzən insanların çoxu eynək seçərkən tünd rənglərin daha çox keyfiyyətli olduğunu və ultrabənövşəyi şüaları buraxmadığını düşünür. Lakin bu səhv fikirdir. Şüşə rəngi ilə ultrabənövşəyi şüalardan qorunma arasında heç bir əlaqə yoxdur. Hər tünd rəng şüadan qorumur. Unutmamaq lazımdır ki, gün eynəkləri aksessuar deyil, gözün sağlamlığını qorumaq üçün bir vasitədir.