Vergi yükünün azaldılması iqtisadi aktivliyə əlavə mühüm təkan olacaq

23 İyun 2018 09:30 (UTC+04:00)

 ”Sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir. İşəgötürənin yükünü azaltmalıyıq. Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin. Əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib. 

Artıq uzun müddətdir bir çox ekspertlər belə sahibkarların vergi yükünün azaldılması vacibliyindən danışırlar. Onların fikrincə, vergi yükünün çox olması fonunda sahibkarlar əksər hallarda öz fəaliyyətləri və gəlirlərini ümumən gizlətməyə çalışırlar. Bunun da nəticəsində həm vergi az ödənilir, həm də çalışan işçinin bir çox hüquqları pozulur. Bu fonda hesab edilir ki, vergi yükünün azaldılması nəticəsində sahibkarlar öz fəaliyyətlərini daha açıq və qanunlara cavab verən şəkildə həyata keçirməyə meylli olacaqlar.

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ətrafında vergi qanunvericiliyinin təkmilləşdirilməli olduğunu bildirdi: “Əslində, bir müddətdir ki, sahibkarların vergi yükünün azaldılması məsələsi müzakirə olunur. Yeni vergilər naziri Mikayıl Cabbarov da bu barədə danışıb.

Vergi yükünün azaldılması ümumi iqtisadi aktivliyin artmasında mühüm rol oynaya bilər. Bu səbəbdən də həmin istiqamətdə addım atılmasına ehtiyac vardır. Ona görə də həmin məsələnin həlli üçün ilk növbədə kiçik və orta sahibkarlığa dəstək vermək lazımdır. Kiçik sahibkarlıq üçün əlavə dəyər vergisinə (ƏDV) düşməyən hissənin illik dövriyyəsi cəmi 200 min manatdır ki, bu da çox azdır. Bu rəqəmi keçən kiçik sahibkarlar həmən 18 faizlik ƏDV ödəyicisinə də çevrilir. Nəticədə onun vergi yükü kifayət qədər çox olur.       Ona görə də ƏDV-yə düşməyən hissənin artırılmasına ehtiyac  vardır. Ən azından illik dövriyyə 500 min manatadək artmalıdır ki, kiçik sahibkarlığa dəstək olsun və onların vergi yükü xeyli dərəcədə azalsın. Belə vəziyyət həm də şəffaflığın artmasına gətirib çıxarar. Vergi ödənişlərinin şəffaflığı xeyli dərəcədə artar. Yəni ilk addım olaraq kiçik sahibkarların dövriyyəsi artmalıdır. Həmin rəqəm azı 500 min manata qalxmalıdır ki, onlar daha rahat fəaliyyət göstərmək imkanı əldə etsinlər. Bakı və regionlarda vergi dərəcələri  kiçik sahibkar üçün kifayət qədər komfortludur, paytaxtda 4, əyalətdə isə 2 faiz civarındadır. Bu da normaldır. Ancaq dövriyyənin az olması kiçik sahibkarlar üçün başlıca maneələrdən biridir. Növbəti addım olaraq isə ümumiyyətlə ƏDV-yə yenidən baxılmalıdır.

Ölkədə istehsal olunmayan məhsulların gətirilməsi zamanı tutulan həm gömrük rüsumları, həm də əlavə dəyər vergisi azaldılmalıdır. Bu baş verərsə, rəqabətli mühit artacaq, sahibkar daha az vergi ödəməklə məhsulunu da daha ucuz qiymətə satmaqda maraqlı olacaq. Belədə, yaranmış proses əhaliyə, alıcıya da xeyirli olacaq. Bu mənada fikrimcə, ƏDV-nin 18 faizdən 15 faizə endirilməsi məqsədəuyğundur. Azərbaycanda ən böyük problemlərdən biri də gizli, qeydiyyatdan kənar iş yerlərilə bağlıdır. İşə götürən sosial müdafiə fonduna 22 faiz və işsizliklə bağlı yeni yaradılan fonda daha 0,5 faiz ödəməlidir. Belə vəziyyət isə vergi yükünün xeyli dərəcədə artmasına səbəb olur. Ona görə də sahibkarlar işçilərlə müqavilə bağlayarkən ödəniş həyata keçirməmək üçün ya maaşı aşağı göstərir, ya da ümumiyyətlə, müqavilə bağlamadan işçi götürməyə üstünlük verir. Nəticədə bir tərəfdən, vergidən yayınma halları artır, həm də vətəndaşların sosial müdafiə haqları kifayət qədər məhdudlaşır. Ona görə də işə götürənlər üçün əmək haqqından sosial müdafiə fonduna ödəmələrin xeyli azaldılmasına ehtiyac var. Ən azından bu rəqəm yarıbayarı azaldılmalı, 22 faizdən 11-12 faizə düşməlidir. Belə olarsa, qeydiyyatda olan iş yerlərinin sayı artacaq, həm də insanların sosial müdafiə haqları əhəmiyyətli dərəcədə qorunacaq.

Ümumiyyətlə, vergi qanunvericiliyi təkmilləşdirilməlidir.  Azərbaycanda vergi qanunvericiliyi kifayət qədər genişdir. Vergi məcəlləsi təxminən 300 səhifəlik bir kitab şəklindədir. Bu da sahibkarların işinə maneə olan əsas ünsürlərdən birinə çevrilib. Ona görə də bu istiqamətdə qanunvericilik tamamilə yenidən baxılmalı, məcəllə çox qısa, lakonik, anlaşılan, az maddələrdən ibarət iş adamı üçün kifayət qədər komfortun yaranmasına səbəb olan Vergi Məcəlləsinə çevrilməlidir. Düşünürəm ki, Vergi Məcəlləsinin köklü şəkildə yenidən qəbulu bir sıra problemlərin həllində əhəmiyyətli rol oynaya, sahibkarlıq mühitinin artması, iqtisadi aktivliyin genişlənməsinə əsas töhvə verən amilə çevrilə bilər. Sahibkarların vergi yükünün azaldılması eyni zamnada sosial sığortaya cəlb olunanların sayının da artımına rəvac verəcək. İşə götürənlərin sosial sığorta ilə bağlı ödənişlərin faizi aşağı salınacaqsa, ölkədə işləyən rəsmi işçilərin sayı da xeyli artacaq. İndi mövcud olan rəsmi rəqəmlər isə bu sahədə problemin olduğunu göstərir. Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı 5,5 milyona yaxındır. Amma rəsmi olaraq, müqavilə ilə işləyənlərin sayı 1,6 milyondan bir qədər çoxdur. Bu da onu göstərir ki, ölkədə qeydiyyatsız işləyənlərin sayı həddən artıq çoxdur. Bu məsələnin həlli ilə hətta sosial müdafiəyə ödənilən verginin faizlə həcmi azalsa da, rəsmi işləyənlərin sayının artması həmin fonda ödənişlərin azalması deyil, əksinə artması demək olacaq. Bu nöqteyi-nəzərdən də sahibkar üçün vergi yükünün azaldılması vacib olmaqla yanaşı, şəffaflığa xidmət edəcək mühüm addım olacaq”.

Rüfət NADİROĞLU