Əhalinin məşğulluq səviyyəsi daha sürətlə artacaq

23 İyun 2018 12:00 (UTC+04:00)

İyunun 21-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri Hadi Rəcəbli əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim edib. Birinci və ikinci oxunuşdan sonra verilən təkliflər nəzərə alınaraq qanun layihəsində müəyyən dəyişikliklər edilib. Qanunun yeni layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən etməlidir. Qanunun tələbləri Azərbaycan vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşğul şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir. “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ümumiyyətlə, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi hökumətin sosial siyasətinin prioritet istiqamətidir. Bundan əvvəl qəbul edilmiş qanunvecilik aktlarında Azərbaycan Respublikasında məşğulluq strategiyasının əsas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etməkdən ibarətdir. 2006-2015-ci illərdə bu məqsədə nail olmaq üçün sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın, əhalinin özünü məşğulluğunun inkişafı üçün zəruri şərait yaradılıb. Məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığı dövlət tərəfindən dəstəklənib. İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilib, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsi infrastruktur təkmilləşdirilib, kadr hazırlığı sistemi, peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin fəaliyyəti dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılıb.

Məşğulluq strategiyasının həyata keçirilməsində mühüm istiqamətlərdən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin formalaşdırılmasıdır. Bu baxımdan dövlət tənzimləmə mexanizminin əsas tərkib hissəsi kimi sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən bir neçə ildir ki, sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırılması, xarici iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması sahəsində müvafiq tədbirlərin həyata keçirilir. Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmlənməsinə, inflyasiyanın qarşısının alınmasına, manatın məzənnəsinin sabit saxlanılmasına, beynəlxalq normalara uyğun valyuta ehtiyatlarının yaradılmasına və ölkənin tədiyə qabiliyyətinin yaxşılaşmasına yönəldilmiş pul-kredit siyasətinin davam etdirilir.

Regional əmək bazarının inkişafı, xüsusilə regionlarda, qeyri-neft sektorunun sürətli inkişafı məqsədilə investisiyaların cəlb edilməsi, kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalının artırılması üçün lazımı tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin məşğulluq və həyat səviyyəsi ildən-ilə yüksəlir. Hazırkı dövrün ab-havasına uyğun yeni qanun layihəsi qəbul olunduqdan sonra bu sahədə daha dinamik yüksəliş baş verəcək.

N.NOVRUZ