Bu gün Azərbaycan Yazıçılar Birliyində "Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncayın "Yol romanı" kitabının təqdimatı keçirilib. Kitabda müəllifin səfər qeydləri yer alıb. Təqdimat mərasimində açılış sözü ilə çıxış edənə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid kitabın parçalarla "Ədalət" və "525-ci qəzet"də çap olunduğunu bildirib. Kitabın müəllifi və dostları ilə getdiyi səfər təsüratlarından danışıb. İ.Tuncayın yaradıcılığını yüksək qiymətləndirən R.Məcid onun kitablarının Azərbaycan publisistikasında dəyərli yer tutduğunu vurğulayıb: "Məmməd Arazı tanıdığım kimi, bu gün də İradə Tuncayla dost olduğuma qürür duyuram".
Müsavat partiyasının yetkilisi Vurğun Əyyub İ.Tuncayın yaradıcılığını mətbuatda dərc olunandan izlədiyini bildirib və kitab haqqında fikirlərini bölüşüb: "Kitabda İradə xanım gördüyü yerləri, tanışdığı insanların xarakterini aydın şəkildə ifadə edib".
"525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev səfər qeydlərindən təsirləndiyini və bu barədə məqalə yazacağını qeyd edib: "Böyük zövqlə oxudum. Oxumayanlar da şanslıdır, çünki belə bir kitabdan hələ zövq almaq imkanları var".
Teoloq Altay Göyüşov kitabı təkrar oxumaq istəyini ifadə edib.
Millət vəkili Musa Urud "Yol romanı"nın ona keçmiş illəri xatırlatdığını dilə gətirib.
Gənc yazar Aysel Əlizadə fikirlərini bölüşərkən həyacanını da gizlətməyib: "İradə xanımın varlığı Azərbaycan ədəbiyyatına böyük töhvədir".
Teleaparıcı Nərgiz Cəlilova İ.Tuncayı yazıçı olmaqla bərabər həm də istedadlı jurnalist kimi dəyərləndirib: "Amma təssüflənirəm ki, biz İradə Tuncay kimi bir televiziya jurnalistini itirdirik".
Teleaparıcı Qulu Məhərrəmli səfərdən qeydlərin uğurla təsvir olunduğunu vurğulayıb: "Burda yolla bərabər sürücü də önəmlidir. Yolun sürücüsü Aqil Abbas olarsa təbii ki, belə maraqlı kitab ərsəyə gələcək".
Sonda millət vəkili, İ.Tuncayın həyat yoldaşı Aqil Abbas səfərdən təsüratlarını bölüşdü və İ.Tuncaya müraciətlə: "Sənin yazdıqlarını yalandan tərifləməyə heç ehtiyac yoxdur. Gələn dəfə səni başqa yollarla da aparacam" - dedi.