Leonid Slutski: Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi

25 İyun 2018 11:14 (UTC+04:00)

Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi Moskva-Ankara münasibətlərinin inkişafı üzrə gözləntiləri saxlayacaq.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.

L.Slutski R.T.Ərdoğanın ədalətli və rəqabətli mübarizədə qalib gəldiyini qeyd edib: "Türkiyədə parlament və prezident seçkiləri azad və demokratik şəkildə keçdi".

O bildirib ki, Türkiyə Rusiya üçün mühüm strateji tərəfdaşdır: "Biz birgə səylərlə Suriyada terrorçuluqla mübarizə aparırıq, regionda təhlükəsizliyin təmini üçün addımlar atırıq".

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.