Azərbaycan xaricdən yeni kreditlərə ehtyiac duymur

26 İyun 2018 10:30 (UTC+04:00)

Azərbaycan Dünya Bankından üçüncü "Azərbaycan kənd investisiyaları" (AZRIP-3) layihəsinin reallaşdırılması üçün verilən kreditdən imtina etmək niyyətindədir. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, kənd investisiyaları üzrə layihə vacibdir və bu layihə davam etdiriləcək: “Sadəcə biz Dünya Bankının kreditlərindən imtina etmək və layihəni daxili vəsaitlər hesabına reallaşdırmaq niyyətindəyik. Bu, onunla əlaqədardır ki, hökumət balanslaşdırılmış kredit siyasəti həyata keçirmək niyyətindədir. AZRIP-3 əsasən tikinti və abadlaşdırma işlərini əhatə edir və xaricdən hər hansı avadanlıq və ya materialın gətirilməsi nəzərdə tutulmur”.

Bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon ABŞ dollar, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz  olub. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəlikləri daxildir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

İndiyədək hökumət TANAP, TAP kimi iri layihələrin həyata keçirilməsi üçün bir çox beynəlxalq maliyyə institutlardan kredit cəlb edib. Burada Avropa Bankı da, Asiya İnkişaf Bankı da var. Hətta Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da “Cənub Qaz Dəhlizi” layihəsində kredit ayırmaları ilə iştirak edirlər.

Artıq layihənin birinci fazası işə salınıb və gəlir gətirməyə başlayıb. Əsas gəlir isə təbii qaz Avropa xəttinə vurulduqdan sonra başlayacaq. Bu səbəbdən beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş kreditlərin və onların faizlərinin qaytarılması ciddi maliyyə axını yaratmır. Yəni, Azərbaycan bu kreditlər hesabına daha layihəni vaxtında işə salmağı bacarıb, maliyyə qurumları da verdikləri kreditlərin faizləri hesabına əlavə vəsait qazanacaqlar. Bu proses beynəlxalq iqtisadi əlaqələrin hamıya sərf edən qızıl qaydasıdır. Ancaq bəzən elə layihələr var ki, onları kredit hesabına yox, daxili resurslar hesabına reallaşdırmaq ölkəyə daha çox xeyir verir. Bu səbəbdən həmin tip layihələri daxili vəsaitlər hesabına həyata keçirmək səmərəlidir. Əgər AZRİP-3 layihəsinə kredit alınsa, bundan xarici təşkilat xeyir götürəcək, Azərbaycana isə faiz ödəmək qalacaq. Belə olan halda niyə öz vəsaitimizdən istifadə edilməsin? Yeri gəlmişkən, hazırda Azərbaycanın 46 milyard dollardan çox valyuta ehtiyatları formalaşıb. Bu, o deməkdir ki, ölkənin xarici investisiyalara, prinsipcə, ehtiyacı yoxdur. Bu meyar çərçivəsində dövriyyəyə buraxılan daxili layihələr həm maliyyə, həm də material satıdan daxili resurslar hesabına gerçəkləşdirilərsə valyuta ehtiyatlarından səmərəli istifadə əmsalı da yüksələr. Kreditlərə görə veriləcək faizləri isə qənaət edib digər layihələrin realizasiyasına yönəltmək olar. Bu səbəbdən hökumətin xaricdən kredit alınması siyasətini təkmilləşdirməsi, daha balanslıməcraya yönəltməsi iqtisadi inkişafın yeni mərhələsində atılan addımların sanbalını xeyli artıracaq.

N.NOVRUZ