Azərbaycan-Avropa İttifaqı əlaqələrində mühüm dönüş

26 İyun 2018 11:00 (UTC+04:00)

Ötən il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm dönüş ili olub.  Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib. Ümumiyyətlə, son dövrlərdə Avropa İttifaqı  ilə Azərbaycan arasında sürətli yaxınlaşma müşahidə olunur. Aydın məsələdir ki, hər iki tərəf bu yaxınlaşmadan qazanacaq.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Avropa institutları tarixində ilk dəfə olaraq Azərbaycan da daxil bütün "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü Avropa Parlamentinin öhdəliyi kimi qəbul edib: “Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar prosesi, bu istiqamətdə müzakirələr davam edir. Avropa İttifaqına Ermənistandan fərqli olaraq Azərbaycanla münasibətlərin inkişafı ona görə lazımdır ki,ölkəmiz işğalçı ölkə kimi heç bir digər təşkilata üzv deyil. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, (KTMT) və Avrasiya İqtisadi Birliyində təmsil olunur.

İkinci bir tərəfdən, Dağlıq Qarabağ məsələsində Avropa xarici fəaliyyət xidməti  və Avropa Komissiyasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməklə bağlı verdiyi hesabatlar, verilən qətnamələrdə prinsipial mövqeyin əks olunduğu sənədlərin Azərbaycan üçün əhəmiyyəti əlbəttə ki, böyükdür. Yəni Avropa institutları tarixində ilk dəfə olaraq bütün "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü Avropa Parlamentinin öhdəliyi kimi qəbul edilib. İlk dəfə olaraq "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünə dəstək bu ölkələrdə baş verən münaqişələrin həlli kontekstində verilib. Bununla da "Şərq Tərəfdaşlığı" ölkələrində baş verən münaqişələrə Avropa Parlamentinin vahid mövqedən yanaşması ilk dəfə olaraq vurğulanıb. Üzv dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyinin dəstəklənməsi bu mənada digər Avropa təşkilatları üçün də mühüm istinad mənbəyi rolunu oynayacaq. Ermənistanın Helsinski Yekun Aktının prinsiplərilə manipulyasiya etməsinə maneə yaradacaq. Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən firma və şirkətlərə qarşı həyata keçiriləcək qadağa və cəzalar da həmin separatçı quruma vurulan ciddi zərbələrdən olacaq.

Azərbaycanın Aİ üçün əhəmiyyəti təbii ki, enerji baxımından danılmazdır. Bu amilin sübuta ehtiyacı yoxdur. Aİ Azərbaycan arasında enerji əməkdaşlığı fonunda hazırda Xəzər dənizi regionundan birbaşa olaraq qazın Avropaya gətirilməsi prioritet olaraq qalmaqdadır.  İlk mavi yanacağın bu yay Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması planlaşdırılır. Bu məsələdə Avropa tərəfindən Azərbaycanın tranzit ölkə statusunun vurğulanması əlbəttə ki, ölkəmizin maraqlarına cavab verir. Aİ ilə əlaqələrimiz ticarət münasibətlərində də öz əksini tapır.

Aİ ilk dəfə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmayan ölkə ilə iqtisadi razılaşma əldə etməlidir. Azərbaycan özünün də ÜTT-yə üzvlüyülə bağlı müəyyən islahatlar keçirilir. Ölkə qanunvericiliyinin ÜTT-nin tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, milli istehsalçıların xarici ixrac potensialının artırılması və texniki tənzimləmə haqqında qanun layihəsində vurğulanıb. Həmin təşkilata üzvlük korrupsiya kimi neqativ halların aradan qaldırılmasına ciddi stimul yaradacaq. Viza rejiminin sadələşdirilərək, sonradan tam aradan götürülməsi də bu hədəflər sırasındadır. Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi və real missiya barədə iki saziş imzalanıb. Rəsmi Bakı növbəti addım olaraq Aİ ilə viza rejiminin tamamilə aradan qaldırılması üçün fəaliyyət planını tələb edəcək. Bununla da vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Avrasiya sazişinin imzalanmasını da burada xüsusi olaraq qeyd edərdim. "Şərq Tərəfdaşlığı" ölkələri üçün standart rol oynayan bu saziş ölkə qanunvericiliyinin aviasiya qaydalarına uyğunlaşdırılması, uçuşların sayı və qiymət məhdudiyyətinin aradan qaldırılması aviasiya bazarının Aİ şirkətlərinə açıq elan olunmasını tələb edir”.

Rüfət NADİROĞLU