Messi: "Fransızlara qarşı necə oynamaq lazım olduğunu yaxşı bilirəm" - Müsahibə

27 İyun 2018 12:36 (UTC+04:00)

Argentina millisinin kapitanı Leonel Messi Nigeriya ilə oyundan sonra media nümayəndələri ilə fikirlərini bölüşüb.

Movqe.az goal.az-a istinadən ulduz futbolçunun açıqlamasını təqdim edir.

- Oyunda gərginlik açıq – aşkar hiss olunurdu. İkinci hissə isə sanki hər iki komanda üçün əsəb nümayişinə çevrilmişdi. Bu fikirlə razısınızmı?

- Biz birinci hissədə oyuna tam nəzarət edirdik. Daha çox qol vəziyyəti yararmağa çalışırdıq. İkinci hissədə penaltidən qol buraxmağımız əsəblərimizə təsir etdi. Bununla belə , hücumların sayını artırdıq, nigeriyalılara təzyiq göstərməyə başladıq. Bunun sayəsində ikinci topu vura bildik.

- İndiyədək hansısa oyunda bu qədər əzab çəkmişdiniz?

- Nigeriya ilə oyunda , sözün əsl mənasında, əzab çəkdik. Hər şeyi itirmək üzrə idik. Gözlədiyimizdən də çətin bir matç oldu. Roxo qol vurandan sonra rahatladıq. Əsas budur ki, qələbə qazandıq və məqsədimizə çatdıq.

- Fransa millisi barədə nə deyərdiniz? Onların oyunlarını izləmisiniz?

- Ümumiyyətlə, mundialın bütün matçlarını izləyirik. Fransızların güclü oyunçuları var. Onlar hücumameyilli və cəlddirlər. Amma mən fransızlara qarşı necə oynamaq lazım olduğunu yaxşı bilirəm. Söz verirəm ki, Argentina – Fransa matçı fransızlar üçün asan olmayacaq.