Xoş soraqlı, şən növraqlı Masallı - FOTOREPORTAJ

27 İyun 2018 14:24 (UTC+04:00)

İyunun 25-də Masallı şəhərindəki Heydər Əliyev Parkında böyük canlama vardı. Hər tərəf bayramsayağı bəzədilib.Uzaq kəndlərdən, qəsəbələrdən, respublikamızın digər guşələrindən gələnlər Masallının bugününə, gözəlliyinə heyranlıqla tamaşa edirlər. İnsanlar şən əhval-ruhiyyədədirlər. Bu da əbəs deyil. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına ilk dəfə məhz Masallıdan start verilib. İndi Masallı keçirilən tədbirlərin müxtəlifliyi və sayına görə cənubun mərkəzi sayılır. Burada müxtəlif tədbirlər həyata vəsiqə alır. Elə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi də zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişidir. 
Festival çərçivəsində respublikanın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.
Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaq. 
Masallıda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib. Həmçinin hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları olacaq.
Cümhuriyyətin 100 illiyinə həsr edilmiş festivalın sərgisində iştirak edirlər:
Masallı, Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar və Lənkəran Regional Mədəniyyət İdarələrinin kollektivləri.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli, Milli Məclisin deputatı Elmira Axundova,  mədəniyyət və incəsənət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
Festivalın açılış mərasimində aparıcılar qeyd edir ki, əziz Masallılar bizə göstərdiyiniz qonaqpərvərliyiniz bizi sevindirir. 100 il əvvəl Azərbaycan dövləti cümhuriyyətçilərimizin təşəbbüsü ilə dünya tarixinə tarix yazıldı. Ömrü qısa dövlətimiz, 1993-cü ildə ümumilli liderimiz Heydər Əliyev tərəfindən yenidən bərpa edildi. Daha güclü əbədi bir dövlət qurduq! Bu gün də ümumilli liderimiz Heydər Əliyevin gətirdiyi dövlətçilik ideyası ölkə başçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir! Biz bu gün də tarix yazırıq! Ölkəmiz günü-gündən inkişaf edir. Azərbaycanımızın hər bir bölgəsində həm iqtisadi, həm sosial, həm mədəniyyət cəhətdən inkişafı ilə diqqəti cəlb edir. Bütün sahələrdə yeniliklər, müasirləşməmüşahidə edilir. Bu gün bizi qonaq edən Masallı rayonumuzun inkişafı göz qabağındadır. Yeni məktəblər tikilib. Asan Xidmət kompleksi istifadəyə verilib. Yeni yollar çəkilib, parklar salınıb, Masallı ərazisinin 96 faizi qazlaşdırılıb, içməli su xətləri çəkilib və xəstəxanalar, bağçalar inşa edilib. Mədəniyyət kompleksləri istifadəyə verilib. Bir sözlə, Masallı simasını tamamilə dəyişib.Hər zaman ölkə ictimaiyyətində yenilikləri ilə tanınan Masallı rayonunda böyük işlərin görülməsi qürurvericidir. Bütün görülən işlər gələcək nəsillər üçün örnəkdir.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçsı Rafil Hüseynov festival iştirakçılarını salamlayaraq tədbirə Masallıda start verilməsini rayon sakinlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib, festival iştirakçılarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, Masallı rayonunun beynəlxalq festivalların keçirilməsində zəngin təcrübəsi var. İki il əvvəl Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən paytaxta” layihəsinə də məhz Masallıdan start verilmişdi.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektiv, folklor və rəqs qrupları qala-konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb.
Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəməyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. 
Qeyd edək ki, ötən illərdə Nazirlik tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert və sərgilər keçirilir. 
Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festival ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradacaq. 
Qeyd edək ki, növbəti tədbir iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Lənkəran şəhərində keçirilib. Daha sonra festival digər regionlarda (ümumilikdə 15 şəhər və rayonda) davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə bütün ölkə ərazisində təqdim və təbliğ olunacaq.
Ötən illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert və sərgilər keçirilir. 
...Yay gecəsindən xeyli keçənədək festival, biri-birini əvəz edən mahnı və rəqslərin anşlaqı davam edir. Hava sərindir. Adam belə sərin, ulduzlu-aylı gecədə möhtəşəm konsertdən ayrılmaq istəmir. Uşaq, böyük hamı sevinir. Bu an aparıcıların səsi eşidilir:
- Biz ölkə başçımız, cənab prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə dünya tarixinə Aprel döyüşlərini qələbəmizlə yazdıq! Ali baş komandanımızın qətiyyəti və bacarığı ilə biz Qarabağımızda tarix yazacağıq! Biz əminik ki, yaxın tarixdə üç rəngli şanlı bayrağımız Qarabağımızda-Şuşada-Laçında-Xankəndində əbədi dalğalanacaqdır!
 

Əlihüseyn Şükürov