Azərbaycan xaricə aqrar məhsul satışını xeyli artıra bilər

28 İyun 2018 09:15 (UTC+04:00)

Bölgələrdə kartof və soğan xeyli ucuzlaşıb. Amma alıcı olmadığından məhsul sahələrdə qalıb.  Bərdə fermerləri bu il soğan sahələrindən bol məhsul götürüblər. Qiyməti də 10 qəpiyə qədər enib. 32 -33 kiloqramlıq soğan kisəsi 2 manat 50 qəpiyə təklif edilir. Lakin bu qiymətə də alıcı tapılmır.  Bu fonda artıq məhsulun xarici bazarlara çıxarılması üçün hansı addımlar atılmalıdır? 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan fermerlərinin öz artıq məhsullarını hazırki vəziyyətdə Türkiyə bazarlarında realizə edilməsi üçün əlverişli situasiya yaranıb: “Türkiyə hökuməti son zamanlar ölkəsinə ərzaq məhsullarının idxalı prosesinə yaxşı şərait yaradıb. Hətta Türkiyədə soğanla kartofun qiyməti kəskin bahalaşıb. Azərbaycan manatı ilə həmin məhsulların qiyməti təxminən 3 manata başa gəlir. Bu da kifayət qədər yüksək bir rəqəmdir. Yaranmış vəziyyəti nəzərə alan Türkiyə hökuməti qonşu ölkələrə həmin məhsulların idxal edilməsilə bağlı müraciət də edib. Belədə, Türkiyə bazarında öz məhsulunu realizə etmək üçün Azərbaycan istehsalçıları üçün kifayət qədər əlverişli şərait yaranıb. Ona görə də

Azərbaycan hökumətilə Türkiyə hökuməti arasında tender müqavilələri bağlayıb, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının qardaş ölkə bazarlarına çıxarılması üçün müəyyən addımlar atılmalıdır.

Həmçinin, fermerlərə birbaşa Türkiyə bazarına çıxmaaq üçün loqistik və vergi dəstəyi göstərilməlidir. Belə olarsa, fermerlərin Türkiyəyə göndərəcəkləri məhsullar xarab olmaqdan da xilas ola bilər. Bu nöqteyi-nəzərdən indi Türkiyə bazarlarında Azərbaycan fermerlərinin öz məhsullarını, o cümlədən kartof və soğanı satmaları üçün kifayət qədər əlverişli situasiya yaranıb. Ona görə də bu istiqamətdə Türkiyə tərəfilə danışıqları sürətləndirmək lazımdır. Belə olarsa, Azərbaycan fermerləri öz artıq məhsulunu daha baha qiymətə xaricdə satmaqla həm daha çox gəlir götürərlər. Həm də bu proses Türkiyədə kənd təsərrüfatı məhsulları üzrə qiymətlərin tənzimlənməsində müəyyən qədər rol oynaya bilər. Türkiyə hökuməti keçən həftə qonşu ölkələrə bazara daha 10 faiz artıq məhsul gətirilməsilə bağı müraciət edib. Ona görə indi Türkiyə bazarında istehsal edilən məhsulun realizə olunması üçün kifayət qədər yaxşı vəziyyət yaranıb. Azərbaycan istehsalçıları da bu vəziyyətdən yararlanmalıdırlar”.

Rüfət NADİROĞLU