Qeyri-neft sektoru üzə ixrac həcmi sürətlə artır

28 İyun 2018 10:04 (UTC+04:00)

Qeyri-neft sektoruna hökumətin diqqəti gücləndikcə ixrac edilən məhsulların çeşidi və həcmi də ildən-ilə artır. Əgər 2017-ci ilin müvafiq dövrü ilə müqayisə olunsa bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz artıb. Bu müddətdə Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Qeyri-neft sektorunun məhsulları arasında elektrik enerjisi birinci, qızıl ikinci, ilkin formalı polietilen üçüncü olub. Ümumiyyətlə, əsas məhsullar sırasında meyvə-tərəvəz, elektrik enerjisi, plastik və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar, kimya sənayesi məhsullarının xüsusi çəkisi fərqlənib.

Statistik məlumatlardan göründüyü kimi hökumətin həyata keçirdiyi tədbirlər bəhrəsini verir və qeyri-neft sektoru sürətlə gücünü artırır. Son 2-3 il ərzində yerlərdə keçirilən istehsalat müşavirələri, yerli mütəxəssislərin planlaşdırmada və iqtisadi strategiyanın hazırlanmasında iştiraka cəlb edilməsi, başlıcası bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyətinə mane olan nöqsanların aradan qaldırılması, əsassız yoxlamaların ləğvi, dövlətin güzəştli kreditləri və təşviq siyasəti sektorda əsaslı dönüş yaradıb.

Sahibkarlığın inkişafına göstərilən qayğı ixrac məhsullarının sahibləri arasında xüsusi bölmənin payının yüksəlməsini təmin edib. İxracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Aqrodoctor” MMC, “Baku Steel Company” MMC, “Metalçılar-2” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “CTS-Agro” MMC, “Sun Food” MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC qərarlaşıb. Şirkətlərin adından göründüyü kimi daşıyıcı avtonəqliyyat, kənd təsərrüfatı və ərzaq, sənaye müəssisələri ixrac prosesində daha fəal iştirak edirlər. Təqdirəlayiq hal odur ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında bu şirkətlər dövlətə məxsus şirkətlərlə ciddi rəqabət aparmaq iqtidarındadırlar. Bu amil bazar iqtisadiyyatının mühüm amilidir. Təsadüfi deyil ki, xarici ekspertlər belə bir sağlam rəqabətin hökm sürdüyü Azərbaycan iqtisadiyyatının müasir iqtisadi formanın daha yüksək- liberal kapitalizmə keçməyə hazır olduğu anonsunu verirlər.

Qeyri-neft sektorunun müasir texnoloji bölməsinin ixracatdakı rolunun yüksəlməsi eyni zamanda ölkədə gedən elmi proseslərin səviyyəsinin artmasının göstəricisidir. Belə ki, hazırda “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilir. 2018-ci ilin ilk 3 ayında bu xidmətlərin ixracından 3,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edir. Cəmiyyətin xidmət göstərdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

İlin birinci rübü qış aylarına düşdüyündən yalnız sənaye və ötən il kənd təsərrüfatında əldə edilmiş məhsulların qalıqlarının realizasiyası ixracda təmsil olunur. Lakin ikinci rübdən başlayaraq meyvə-tərəvəz və dügər məhsulların faraş çəkildə ixracə gəlirləri sanballı şəkildə artırır. Yəni, birinci yarımilliyin və xüsusilə ilin sonuna yaxın ixracat məhsullarının 1,5 milyard dollara çatdırılması elə bir çətinlik yaşamayacaq. Ölkə rəhbərliyinin və mütəxəssilərin bir neçə ay əvvəl proqnozlaşdırdığı kimi 2018-ci il qeyri-neft sektorunda yeni nailiyyətlər ili olacaq.

N.NOVRUZ