Düşmən üçün Qarabağ limiti bitir

29 İyun 2018 09:41 (UTC+04:00)

Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bunu Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi paradda çıxışı zamanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Qeyd edək ki, iyunun 26-da hərbi paradda nümayiş etdirilən silah və texnikalar Azərbaycan Ordusunun düşmənə nisbətən qat-qat güclü olduğunu bir daha ortaya qoydu. Ümumiyyətlə, artıq bir neçə ildir ki, Ermənistan Azərbaycan Ordusunun əldə etdiyi uğurlardan əməlli-başlı təşvişə düşüb. Belə ki,  şanlı ordumuz  2016-cı ilin aprel döyüşlərində və cari ilin mayında Naxçıvan istiqamətində düşmənə sarsıdıcı zərbələr vurulub. Nəticədə bir sıra mühüm yüksəkliklər düşməndən azad edilib. Yəni düşmən artıq ordumuzun gücünün onlara vurduğu ağır nəticələrini görüb. Bu fonda öz dövlətinin gələcəyini düşünən və məhv olmasını istəməyən istənilən ölkə regionda sabitlik və əmin-amanlığın təmin edilməsinə nail olmaq üçün başına gələnlərdən nəticə çıxarıb, münaqişə ətrafında prosesin beynəlxalq qanunlara müvafiq şəkildə normal axara qayıtması yolunu tutar. Amma görünən odur ki, Ermənistandakı rejim bu dəfə də başına gələnlərdən və edilən xəbərdarlıqlardan nəticə çıxarmaq niyyətində deyil. Deməli, bu fonda Ermənistan hökuməti ölkələrini və xalqını daha ağır durumla üz-üzə qoymalı olacaq.

Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı Ermənistanın xəbərdarlıqlardan nəticə çıxaracağına inanmadığını bildirdi. Bu səbəbdən də QAT sədri düşünür ki, Azərbaycanın torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır: “Hesab edirəm ki, artıq düşməni tamamilə darmadağın etmək üçün hərbi əməliyyatlara başlamağın zamanı yetişib. Bunun əlamətləri də görünür.

Bakıda keçirilən hərbi parad həm qüvvə nümayişi, həm də mövcud qüvvəmizə baxış idi. Azərbaycanın hərbi arsenalına ümumxalq baxışı keçirildi. Azərbaycan hakimiyyəti də bu hərbi paradla göstərdi ki, onun düşməni məhz etməyə qadir gücü və ciddi silahları var. Bu da yaxşı əlamətdir. Hesab edirəm ki, hərbi paraddan sonra daha nəyisə gözləmək olmaz. İrəvanın bu xəbərdarlıqdan da nəticə çıxaracağına inanmıram. Ermənistan onsuz da gördüklərinə rəğmən, həmişə olduğu kimi, bu dəfə də lazımi nəticə çıxarmayacaq. Ona görə də artıq gözləməməliyik. Çünki, dediyim kimi, ermənilər lazımi nəticə çıxarmayacaqlar. Bu fonda isə Dağlıq Qarabağ ətrafında proseslər ancaq bir istiqamətdə, torpaqların azad edilməsi üçün hərbi əməliyyatların başlanması istiqamətində cərəyan edə bilər və etməlidir. Ermənistan indiyə qədər də Azərbaycanın hansı gücə sahib olduğunu bilirdi. Sadəcə olaraq, öz hamilərinə arxalandıqlarından edilən xəbərdarlıq və zərbələrə rəğmən hələlik nəticə çıxarmırlar. Bu günə qədər Ermənistan Rusiyaya arxalanırdı. İndi ermənilər həmçinin ABŞ və Avropadan da konkret dəstək almağa çalıışır. Bu səbəbdən himayədarlarına arxalandıqlarından mövqelərini dəyişmək istəmirlər. Belə olan halda, Azərbaycan torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır. Bu, bir ictimai tələbdir. Ermənistan mətbuatı da yazır ki, Rusiyadakı futbol üzrə dünya çempionatı qurtarandan sonra, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Azərbaycan daxilində torpaqların azad edilməsi istiqamətində lazım olan həe şey hazırdır. Xarici aləmdə müharibənin başlanması üçün beynəlxalq ictimai rəyin formalaşdırılması istiqamətində isə səylərimizi daha da artırmalıyıq”. 

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ermənistanın vaxtı var, ona görə də düşünüb nəticə çıxarmalıdır. Nəticə çıxarmayacağı təqdirdə isə vəziyyəti daha ağır olacaq: “Azərbaycan prezidentinin düşmənin bütün hərbi obyektləri, strateji məntəqələrinin ordumuz tərəfindən məhv edilə biləcəyini deməklə İrəvana və onun arxasında duran qüvvələrə səsləndi ki, qüdrətli orduya, silahlara, pula və güclü iqtisadiyyata, canlı qüvvəyə malik bir ölkəyik. Yəni Azərbaycan müharibənin başlanacağı təqdirdə, nəyinsə çatışmamazlığını hiss etməyəcək. Əksinə, Ermənistandan qat-qat artıq hərbi qüvvə ilə döyüş meydanına atılacağıq. Düşmən bunu anlamalı və ona uyğun da sülh danışıqlarına gəlməlidir. Düşünürəm ki, Paşinyan ölkəmizdə keçirilən paraddan sonra münaqişənin sülh yolu ilə həllində maraqlı olduqları ilə bağlı tələm-tələsik açıqlama verməsinin özü artıq mesajın alınmasının bir göstəricisidir. Yəni onlar anladılar ki, qarşılarındakı keçən əsrin 90-cı illərin əvvəlində olan dağınıq, pərakəndə Azərbaycan qüvvələri deyil. Bu gün sabit, inkişaf edən, güclü iqtisadiyyat və orduya malik, eləcə də xalqla hakimiyyətin vəhdət təşkil etdiyi bir ordu ilə üz-üzədirlər. Təbii ki, belə olan halda Azərbaycan istədiyi mövqeyi diqtə etmək iqtidarındadır. Ona görə zənn edirəm ki, bundan sonrakı mərhələdə ermənilər artıq daha dərindən düşünməli olacaq və yəqin Azərbaycanla masa arxasında oturmağa meyllənəcəklər.

Hər halda ölkəmiz dinc şəkildə öz gücünü nümayiş etdirdi. Ümid edirəm ki, Azərbaycan bu gücü cəbhə xəttində də nümayiş etdirməyə məcbur olmayacaq. Təbii ki, ermənilərin həmin xəbərdarlıqlardan bir anda lazımi nəticə çıxaracağını gözləmək də sadəlövhlük olardı. Çünki Qarabağ münaqişəsi həddən artıq mürəkkəb konfliktdir.  Burada söhbət təkcə Ermənistanla Azərbaycan arasındakı münaqişədən getmir. Ermənistanın arxasındakı qlobal güclər əslində, hərbi əməliyyatların başlanmasına imkan vermir. Amma istənilən halda Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etmək hüququ qalmaqdadır.

Təbii ki, Ermənistan nəticə çıxarmayacaqsa, Azərbaycan 2016-cı ildə Lələtəpədə və bu ilin mayında Naxçıvanda olduğu kimi tədricən də olsa torpaqlarımızı geri alacaq. Ermənistan sözə baxmayaraq, özündən deməyə başlasa, əlbəttə ki, Azərbaycan bütün qüvvələri səfərbər edib daha güclü hücum təşkil etməklə torpaqları azad edəcək. Yəni, Azərbaycanın buna hüququ və imkanları var. Ermənsitanın vaxtı var, düşünüb nəticə çıxarmalıdır”.

Rüfət NADİROĞLU