Azərbaycan Ordusunun gücü ermənilərin təşvişini artırır

29 İyun 2018 09:21 (UTC+04:00)

Azərbaycanın 100 illik ordusunun qadir gücü bütün dünyaya səs salıb. Silahlı qüvvələrimizin arsenalındakı müasir silahlar istisnasız olaraq bütün hərbi-siyasi ekspertlər tərəfindən güclü ordunun mühüm amili kimi xarakterizə olunur.  İş burasındadır ki, torpaqlarımızın işğalına son verməyən Ermənistanda da siyasilər dolayısı ilə bunu etiraf edir və qorxurlar. Buna görə də əməllərinə düzəliş vermək, təcavüzə son qoymaq lazım gəldiyini də anlamamış deyillər. Lakin həqiqəti etiraf edib, Qarabağdan qoşunları geri çəkməyə cəsarətləri çatmır. Əvəzində isə düşmən cəbhə demaqoqluğa qurşanıb. Azərbaycanın aldığı silahların mənbələrini araşdırmaqla ermənilər təskinlik tapmağa çalışırlar.

Hərbi paradda Bakı səmasında görünən Bell-412 vertolyotlarının görünməsi İrəvan ekspertlərini əməlli-başlı çaşdırıb. “Bəs belə, demək, ABŞ-da Azərbaycana hərbi sursat satır”-deyə, ermənilər bir neçə gündür fəryad edirlər. Hərbi ekspert Taron Ohanesyan həmvətənlərinin yanğısına su çiləmək üçün müstəqil araşdırma aparıb və belə bir nəticə çıxarıb ki, həmin vertolyotlar Azərbaycana ya Pakistandan ixrac edilib, ya da İtaliyadan alınıb. Hərçənd ABŞ mülki uçuş aparatı kimi bu vertolyotları Türkiyəyə də satıb. Orada isə vertolyotlar modernləşdirilib. İndi Taroyan bu vertolyotların Azərbaycan Ordusuna düşməyinin qanuni yaxud qeyri-qanuni olmasını araşdırmaqla məşğuldur. Onun hansı nəticəyə gəlməsindən asılı olmayaraq bu hərbi uçuş aparatları artıq bizim ordudadır və döyüş tapşırıqlarını yerinə yetirməyə hazır vəziyyətdə gözləyir. Amma Ohanesyan araşdırma sayəsində müəyyən məsələləri öyrəndikcə daha bədbin ovqata düşür. İndi o, öyrənib ki, Çexiyada istehsal olunan “Tatra” yük maşınları Slovakiyada əlavə olaraq silahla təchiz olunur və İsrailə göndərilir. Oradan isə özüyeriyən “Dana” döyüş maşını qismində Azərbaycana satılır. Hərbi ekspertin bu nəticələri təsəlli əvəzinə ermənilərin bədbinliyini artırır.

Naira Ayrumyan isə Azərbaycan Ordusunun gücünə görə Belarus prezidenti Aleksandr Lukaşenkonu yamanlamaqla xalqına təskinlik vermək istəyib. Belarusun xarici işlər naziri Vladimir Makeyin Minsk qrupunun həmsədrləri ilə görüşünü istehza ilə qeyd edən yazar kinayə ilə Lukaşenkonun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə təşəbbüs irəli sürə biləcəyini bildirir. Və təbii ki, ordumuzun arsenalında bu ölkənin istehsalı olan “Polonez” taktuki raket kompleksinin ikmasını yada salır. Ona görə ki, Rusiyadan “İsgəndər” kompleksini alanda pfosdan göydə uçan ermənilərin köpünü məhz bu “Polonez”lər alıb. Düşmən tərəf yaxşı bilir ki, bu silahlar polyak bəstəkarı Oqinskinin polonezləri kimi insanları məst yox, məhv edir. Erməniləri ümidsiz vəziyyətə sürükləyən əsas səbəb odur ki, onların fikrincə, madam Amerika və İsrail silahları Azərbaycana belə açıq şəkildə satılırsa, demək, artıq Azərbaycan diplomatiyası Qarabağı azad etmək üçün bu ölkələrin hücum üçün razılığını alıb. Bu günlərdə Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin verdiyi açıqlama İrəvanda Qarabağla bağlı narahatlığı sürətlə artırıb. Erməni mətbuatı bu haqda həyəcanını belə ifadə edib: “Spiker Yyaçeslav Volodin Bakıya baş çəkib və burada mühüm bəyanatlar verib. Onun bəyanatlarına isə qulaq verməyə dəyər. Çünki bu adamın uzun müddət Rusiyanın baş naziri təyin ediləcəyi deyilirdi. Onun baş nazir təyinatı alınmadı. Bununla belə, Volodin Kremldə olduqca ciddi fiqur olaraq qalır. Odur ki, onun istənilən sözünü, nitqini Putinin hansısa mesajı kimi qəbul eləmək lazımdır”. Volodin isə azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşdə demişdi: “Bilirsiniz ki, Rusiya konfliktin dinc həllinin tərəfdarı kimi çıxış edir. Kimlər ki, əlaqələrin kəskinləşməsinin tərəfdarıdır, kim ki, xalqın dinc yaşamaq istəyini və sözünü eşitmir, onlar gərginlik yolu ilə gedirlər. Biz hər şey etməliyik ki, bunun qarşısını alaq. Azərbaycan Dağlıq Qarabağ məsələsində həmişə doğru və konstruktiv mövqe tutub”. Ermənistanda təlaşla düşünürlər ki, “RİA-Novosti”nin yaydığı bu xəbər Rusiya tərəfdən təkzib olunmadı. Demək, Volodin həqiqətən belə şey söyləyib. Aydın məsələdir ki, o, bunu öz təşəbbüsü ilə eləməyib. Kremldə həmişə, əsrlər boyu bu səviyyədə təşəbbüskarlıq cəzalandırılır. Demək ki, Volodini Bakiya elə ona görə göndəriblər ki, belə bir bəyanat versin”.

Silahların fonunda sözlərin də erməni təcavüzünə qarşı çevrilməsi İrəvanı ağıla gətirəcək, ya yox, bir spz demək çətindir, ancaq aydın olan odur ki, bütün bunlar gözlənilən məqamın anbaan yaxınlaşmasının əlamətləridir.

N.NOVRUZ