Bakı-Tiflis-Qars dəmir yoluna üz tutan Avropa ölkələrinin sayı artır

29 İyun 2018 09:37 (UTC+04:00)

Bu günlərdə Polşanın Nəqliyyat Strategiyaları Mərkəzi bildirib ki, “PKP LHS” şirkəti Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə yeni marşrutun sınaq hərəkətlərinə başlayıb. Slavkuvedən “PKP LHS” şirkətinə məxsus sınaq konteyneri artıq Çinə yola salınıb. Şirkətin rəhbəri Zbiqnev Traçixleb deyib: “Biz dəniz yolundan daha qısa və hava nəqliyyatından daha ucuz marşrutu işə salırıq. Bu marşrut uzun dəniz nəqliyyatından qaçmaq istəyən ekspeditor və operatorların tələbatına cavab verir”. Sınaq konteynerinin yola salınması Avstriyanın “Far East Land Bridge” şirkətinin köməyi ilə həyata keçirilib.

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Bu səbəbdən də hökumətin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.

Son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi nəticəsində Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanları artırır. Bakı-Tiflis-Qars dəmir yolu ilə Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi olan bu başa çatıb. Beynəlxalq standartlara uyğun tikilən BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları sürətlə inkişaf edir. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Bu tarixi layihə yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının şaxələndirilməsinə xidmət edir, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldir.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək  qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəlidir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarındandır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Bundan başqa Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan üçün çox önəmli marşrut olaraq respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Azərbaycan isə “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Sözügedən layihənin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IRCON” dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Həmin hissənin tikintisi üçün 1,6 milyard dollar ayrılıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi getdikcə artır. Bu, Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycanın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, respublikamızı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlərin reallaşdırılmasının nəticəsidir.  

N.NOVRUZ