7 kq narkotik vasitə daşıyan 2 nəfər saxlanıldı, 1-i qaçdı - FOTO

29 İyun 2018 11:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Movqe.az-a verilən məlumata görə, 2018-ci ilin 28 iyun tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunmuşdur.

Həmin tarixdə saat 03:15 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunmuşdur. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılmış, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olmuşdur.

 

Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunmuşdur. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilmiş, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il təvəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olmaları müəyyən edilmişdir. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.