Qaxda sərnişin mikroavtobusu "KamAZ"la toqquşub, 2 nəfər ölüb və 9 nəfər yaralanıb - FOTO

29 İyun 2018 12:21 (UTC+04:00)

Qax rayonunda baş verən ağır yol-mqəliyyat hadisəsi zamanı xəsarət alanlardan 1-i xəstəxanada ölüb.

Hadisə zamanı ölənlərin sayı 2, yaralananların sayı 9 nəfərə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***11:41

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisə zamanı yaralananların sayı  10 nəfərə çatıb.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

***11:31

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

Mikroavtobusun sürücüsü, Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 78-ci kilometrliyində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

***11:19

Qax rayonunda baş verən ağır yol qəzasında mikroavtobusun sürücüsü ölüb.

Hadisə zamanı 1 nəfər azyaşlı və 1 nəfər qadın olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki,  yaralıların vəziyyəti ağırdır: "Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərildikdən sonra Bakıdakı özəl klinikalardan birinə göndərilməsi planlaşdırılıb".

***10:56

 Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ"la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Report.az