Günvurmadan şoka düşə bilərsiniz!-Xəbərdarlıq

29 İyun 2018 12:58 (UTC+04:00)

Ölkədə anomal hava şəraiti davam edir. Məlumata görə,  isti hava şəraiti iyul ayının 2-dək davam edəcək. Havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41 dərəcə isti olacaq. İsti yay günləri günvurma riskini də artırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu əhaliyə bununla bağlı xəbərdarlıq etsə də, artıq günvurma hadisələri qeydə alınıb.

Rəsmi məlumata görə, havalar istiləşəndən bu günə qədər 22 nəfəri gün vurub. Bu barədə Movqe.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva məlumat verib. İ. Əliyeva günvurmaya məruz qalanlardan 14 nəfərinin kişi, yerdə qalanının qadın olduğunu söyləyib. Onun sözlərinə görə, gün vuranlardan ikisi uşaqdır: “Onların biri on, digəri 13 yaşdadır”.
İ. Əliyeva günvurmaya insanların əsasən günün qızmar saatlarında məruz qaldıqlarını söyləyib: “Səhər saat 11-dən 17:00-a dək gün altına çıxmaq məsləhət görülmür. Ən çox günvurma hadisələri də elə bu saatlarda gün altında gəzən insanlarda qeydə alınır. Biz tövsiyyə edirik ki, bu saatlarda gün altına çıxanlar mütləq başlarına papaq, ləçək, yaxud da çətir tutsunlar. Məsləhətlərimizdən biri də geyimlə bağlıdır. İsti havalarda mümkün qədər təbii parçalardan tikilmiş geyimlərə üstünlük vermək lazımdır. İmkan olduğu qədər dar paltarlardan uzaq durmaq, gen paltarlar geyinmək məsləhətdir. Bu ona görədir ki, hasil olmuş tər buxarlana bilsin. Bununla yanaşı sərin mayelərə üstünlük vermək lazımdır. Qazlı, şirin və rəngli sulardan isə mümkün qədər uzaq durmaq tövsiyyə edilir. Sərin qazsız sular, az şirin kompotlar və az duzlu ayranlar isti havalarda daha çox qəbul edilməlidir”.
Baş həkimin müavini bu günlərdə dənizə üz tutanların da günvurmadan qorunmalı olduğunu bildirir: “İnsanlar isti günlərdə dənizə daha çox üz tuturlar. Amma dənizə ilk dəfə gedən insanlar, yəni dəniz mövsümünü yeni açanlar günvurmadan qorunmaq üçün bəzi qaydalara əməl etməlidirlər. 1-ci gün dənizə gedəndə günün altında 15 dəqiqə qalmaq məsləhət görülür. Bundan sonra günün altında qalma müddətini hər gün 5 dəqiqə artırmaqla mövcud hava şəraitinə uyğunlaşmaq olar”.
 İ. Əliyeva isti yay günlərdə xroniki xəstəlikləri olan, uşaq, yaşlı və hamilə qadınların səhər saat 11-dən 17:00-a dək günəş altına çıxmasının məsləhət görülmədiyini söyləyir. Həmsöhbətimiz bildirir ki, isti yay günlərində gündən qorunmayanlar günvurmadan halı pisləşməklə yanaşı, şok vəziyyətinə də düşə bilərlər: “ Günəş şüaları ayaq üstə gün altında gəzən insanın əsasən başına düşür. Bu zaman başın damarları genişlənir, bədəndəki qanın hamısı başa qalxır. Bu vəziyyətdə burundan qan açılır, insan şok vəziyyətinə düşə bilər”.
Ona görə də İ. Əliyeva isti günlərdə insanları günvurmadan qorunmağa, həkim məsləhətlərinə əməl etməyə səsləyir. 

Zülfiyyə QULUYEVA