Düşməni titrədən hərbi təlimlər başlanır

30 İyun 2018 09:00 (UTC+04:00)

 İyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismlər, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Möhtəşəm paraddan sonra keçirilən bu təlimlər Ermənistan üçün hansı mesajlar daşıyır?

BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə,  ordumuzun keçirəcəyi hərbi təlim və burada nümayiş etdirilən hətbi texnika Ermənistana Azərbaycan Ordusunun bir daha nəyə qadir olduğunu göstərmək baxımından olduqca vacibdir: “Subyektiv qənaətimə görə, Cümhuriyyətin 100 illiyilə bağlı baş tutan möhtəşəm hərbi paraddan dərhal sonra 20 mindən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlimlərin keçiriləcəyi əslində öz-özlüyündə işğalçı Ermənistan və onu himayə edənlər üçün ciddi bir mesaj xarakteri daşıyır. Bu mesaj isə ondan ibarətdir ki, Azərbaycanın paradda sərgilədiyi hərbi texnika və silah-sursatlar sadəcə nümayiş etdirmək üçün deyil. Eyni zamanda, bu silahlar Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi üçündür. Şübhəsiz ki, keçirilən həmin təlimlər də əslində Azərbaycanın bu mesajının nə qədər real olduğunu sübuta yetirir.

Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan bir addımdır.

20 minlik şəxsi heyətin iştirak etdiyi və çoxlu sayda hərbi texnikanın olacağı hərbi təlimlər sıradan adi bir hadisə deyil, nəhəng əhatəli bir hadisədir. Şübhəsiz ki, həmin 20 min nəfər nəinki işğal edilmiş torpaqlarımızın azad edilməsi, hətta Ermənistanın kaputulyasiya istiqamətində addım atması üçün yetərlidir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti, hərbi hazırlığı onsuz da yüksək səviyyədədir. Amma şübhəsiz ki, keçirilən təlimlər də ordumuzun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində önəmli addım kimi qiymətləndirilməlidir. Ümid edirəm ki, Ermənistan bundan nəticə çıxaracaq. Nəticə çıxarmayacağı təqdirdə, o zaman bu təlimlər fonunda Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində müvafiq addımlar atılacaq”.

Politoloq Məmməd Əlizadə qeyd etdi ki, Azərbaycanın keçirdiyi hərbi təlimlər Ermənistana ədalətli sülhə gəlmək üçün son bir mesajdır: “Azərbaycan son zamanlar özünün möhtəşəm fəaliyyəti və addımları ilə düşmən ölkə olan Ermənistanı əməlli-başlı təşvişə salıb. Bir neçə gün bundan öncə Silahlı Qüvvələrin yaranmasının 100 illiyilə bağlı keçirilən paradda ən müasir və dəqiqliyilə seçilən hərbi texnika və silahların nümayiş etdirilməsi erməniləri çox narahat edib. Çünki paradda göstərilən hərbi texnika erməniləri qorxuya salıb. Ardınca gələn ayın əvvəlindən başlayaraq ordumuz hərbi təlimlərə start verir. Hansı ki, bu təlimlərdə xeyli sayda canlı qüvvə, hərbi texnika iştirak edəcək. Adətən hərbi təlimlər ordunun döyüş qabiliyyətinin yoxlanılması və yüksəldilməsi üçün vacib elementdir. Azərbaycan son illər bir neçə dəfə belə təlimlər keçirib. Hətta bir neçə dəfə bu tip təlimləri Türkiyə ordusu ilə birlikdə keçirmişik. Ötən illərdə baş tutan təlimlər göstərdi ki, Azərbaycan ordusu hər bir çətinliyi mərdliklə dəf etməyə və silah-sursat, hərbi texnikadan peşıkarcasına istifadə etməyə qadir bir ordudur. Bu mənada hərbi baxımdan ən müasir vasitələrə sahib olan ordumuzun keçirəcəyi növbəti hərbi təlimin də yüksək səviyyədə keçəcəyinə əminəm. Bunun nəticəsidir ki, ermənilər elə indidən paradın ardınca növbəti dəfə təlaşa düşüblər. Parad və bu günə qədər keçirilən və bir neçə gündən sonra yenə də olacaq hərbi təlimlər bir daha Ermənistana Azərbaycan ordusunun hansı gücə malik olduğunu göstərəcək. Düşmən ölkə əhalisi bir daha əyani şəkildə işğalçı hərbi dəstələrin Azərbaycan Ordusu qarşısında tab gətirməyəcəyinin şahidi olacaq. Ona görə də Ermənistan qarşıda onu gözləyən fəlakətdən xilas olmaq istəyirsə, konstruktiv sülh danışıqlarına gedərək, dərhal torpaqları işğaldan azad etməlidir. Yoxsa, bu işi Azərbaycanın şanlı ordusu yerinə yetirməli olacaq ki, bu da Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq. Düşünürəm ki, gələn ay başlayacaq hərbi təlim Ermənistana sülhə gəlməsi üçün verilən son mesaj olacaq. Onlar bu mesajdan da nəticə çıxarmasalar, aqibətləri daha dəhşətli olacaq. Bu birmənalıdır”. 

Rüfət NADİROĞLU