Bakıdan İrəvana yeni hərbi-diplomatik zərbə

30 İyun 2018 11:00 (UTC+04:00)

Almaniyanın  “Rheinmetall” hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. Düsseldorfda mənzillənmiş şirkət bildirib: “Biz Azərbaycanla biznes imkanlarını araşdırırıq. Hər iki tərəf əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini elan edib”.Ermənistanla olan münaqişəyə görə Azərbaycana 20 ildən çoxdur Almaniya silah embarqosu tətbiq edib. Amma indi bu məsələ arxa plan artılır və Azərbaycanla hərbi əməkdaşlığa maraq artır.

Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, “Rheinmetall” kimi iri həcmdə hərbi texnika istehsal edən şirkətin Azərbaycanla əməkdaşlığı münaqişə zonalarına hərbi texnika göndərilməsilə bağlı Almaniya qanunvericiliyini pozur və Berlinin beynəlxalq öhdəliklərinə ziddir. Bu əməkdaşlığın Cənubi Qafqazda hərbi balansı növbəti dəfə Azərbaycanın xeyrinə pozacağından narahat olan Aşotyan, Bundestaqın diqqətini bu məsələyə çəkəcəyini deyib. Lakin bunların əhəmiyyətsiz olduğunu özü də bilir. Ermənistanda hesab edilir ki, Bakının diplomatik üstünlüklərini göstərən daha bir məqam bu ölkənin artıq Avropa ölkələrindən də müasir silahlar ala bilməsidir. Bu fonda qeyd edək ki,  26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub. Belə ki, DANA Çexiya istehsalıdır və Azərbaycan bu artilleriya silahını 2017-ci ildə alıb. Təlimələrdən sonra bu artilleriya qurğuları hərbi paradda nümayiş olundu. İyunun 27-də isə Çexiyadakı erməni diasporu Praqa şəhərində Azərbaycana silah satışına qarşı aksiya keçirdiblər. Amma bu heç nəyi dəyişmir. Elə bu da İrəvanın Bakıya növbəti ditplomatik məğlubiyyəti sayılır.
Ermənistanı narahat edən digər məqam Çexiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam etdirməsidir. Məlumatlara görə, Çexiya Azərbaycana artilleriya qurğuları ilə yanaşı, daşınabilən raketlər və yaylım atəşi açan reaktiv sistemlər də satmağa hazırlaşır. Çexiyadan və Slovakiyadan biznesmenlər Azərbaycana daşınabilən raket quraşdırmalarının, özüyeriyən artilleriyanın və yaylım atəşinin reaktiv sistemlərinin böyük partiyasını satmağa hazırlaşırlar.

Hərbçi-ekspert Azad İsazadənin fikrincə, digər ölkələr kimi  Almaniya hərbi sənaye kompleksi də hazırda ən müasir nəsil silah alışı ilə məşğul olan Azərbaycan kimi bir ölkə ilə əməkdaşlıqda maraqlıdır: “Bu günə qədər Avropa ölkələri çalışıb ki, münaqişə zonasına daxil olan ölkələrə silah satmasın. Amma bu prosesdə belə birmənalı qadağa mövcud deyil. Əldə etdiyim mənbələrə əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ konfliktilə bağlı ona cəlb olunan ölkələrə silah satılmaması ilə bağlı Avropa Komissiyasının sadəcə tövsiyyəsi var. Deməli, bu embarqo deyil, sadəcə, məsləhət və tövsiyədir. Yadınızdadırsa, Avropa ölkələrindən ilk olaraq Çexiya Azərbaycana “Dana” silahları satıb. İndiki şəraitdə hər bir ölkə çalışır ki, silah bazarında öz mövqeyini gücləndirsin, ona görə də hər kəs öz malının satılmasında maraqlıdır. Almaniyanın  “Rheinmetall” hərbi korporasiyasının mövqeyi belədir ki, onlar Azərbaycanla hərbi sahədə əməkdaşlığa can atırlar, ancaq bu silahlar döyüş silahları deyil, digər hərbi təyinatlı ləvazimatlarla bağlıdır. Aydındır ki, döyüş, yaxud hücum silahı şərti anlayışdır. Azərbaycan özünə lazım olan silahları onsuz da hardansa alacaq. Reallıq belədir ki, Almaniya satmasa, Azərbaycan onu başqa ölkələrdən alacaq. Düzdür, Almaniya şirkətilə bu istiqamətdə əməkdaşlıq çoxdandır ki, davam edir. İndi əməkdaşlığın realizə olunması üçün mexanizmlər axtarılır. Fikrimcə, Azərbaycanın keçirdiyi hərbi parad göstərdi ki, ölkəmiz müxtəlif təyinatlı silahları çoxsaylı ölkələrdən almaq iqtidarındadır. Bu amil isə Almaniya şirkətlərini də ölkəmizə silah satmağa həvəsləndirib. Onlar bu qənaətə gəliblər ki, İsrail, Türkiyə, Pakistan, Çexiya, Rusiya Azərbaycana silah satırsa, niyə də Almaniya şirkətləri bu prosesdən kənarda qalsınlar. Azərbaycan real və ən müasir silahları almaq istəyini bildirən bir alıcıdır. Belə olan halda, Almaniya hərbi sənaye korporasiyası prosesdə niyə də iştirak etməsin ki?”

Rüfət NADİROĞLU