Verilən kreditlərin artması faizləri ucuzlaşdırır

1 Sentyabr 2018 09:00 (UTC+04:00)

2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq. Bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Bu isə o deməkdir ki, banklar əhaliyə kredit verilməsini arıtracaq. “Moody's”in bu proqnozu nə  dərəcə reallığı əks etdirir və belə şəraitdə kredit faizlərinin aşağı düşməsini gözləmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, “Moody's”in proqnozu ümumən özünü doğruldur: “Mövcud vəziyyət onu göstərir ki, Azərbaycan banklarının kredit portfelində həqiqətən də artımlar var. Bu hal özünü həm istehlak kreditləri, həm də biznes kreditlərində göstərir. Proses istehlak kreditlərində özünü daha çox göstərir. Xatırlayırsınızsa, uzun zaman istehlak kreditlərində bir durğunluq hökm sürürdü. Amma son bir ilə yaxındır ki, gündəlik tələbatla bağlı kreditlərdə ciddi artımlar müşahidə olunur. Bu mənada da “Moody's” proqnozu özünü doğrulda bilər. Ancaq bu prosesin kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarıb-çıxarmayacağı əslində, daha çox Mərkəzi Bankın apardığı siyasətdən asılıdır.

İndilikdə Mərkəzi Bankın uçot dərəcəsi kifayət qədər yüksək səviyyədədir. Mərkəzi Bank da bu yüksək səviyyəninin inflyasiyanı tənzimləmək, onun yüksək olmasının qarşısını almaq məqsədilə atıldığını söyləyir. Belədə Mərkəzi Bankın yüksək faizli uçot dərəcəsilə kredit faizlərinin aşağı salınmasına nail olmaq çətin olacaq. İlkin addım kimi, Mərkəzi Bank bazardakı yeni situasiyaya adekvat olaraq uçot dərəcəsini aşağı çəkməlidir. Məhz bu addımdan sonra kredit faizlərinin aşağı düşəcəyini müşahidə edə bilərik. Proses onu göstərir ki, uçot dərəcəsi düşmədən bankların öz hesabına faiz dərəcəsini aşağı çəkmələri bir qədər problematic görünür”.

«PSJ Kapital» Menecment İnvestisiya Şirkətinin direktor müavini Cəfər İbrahimli isə bildirdi ki, bankların kredit faizləri aşağı düşəcək: “Moody's”  beynəlxalq reytinq agentliyinin Azərbaycan bankları ilə bağlı proqnozu uzun müddətdir yerli mütəxəssislərin dediyilə üst-üstə düşür. Mövcud vəziyyət də onu göstərir ki, kredit portfelində artımın olması gözləniləndir. Çünki bankların likvidliyi həddən artıq yüksəkdir. Ona görə də hazırda bu istiqamətdə banklar kredit verməkdə çox maraqlıdır.

Son dövrlər risqin, manat üzərində təzyiqin azalması, iqtisadiyyatda böyümə meylinin müşahidə edilməsi istər-istəməz iqtisadiyyatda resurs ehtiyatının artımına gətirib çıxarır. Bu da öz növbəsində avtomatik olaraq banklar üzərindən maliyyələşmənin daha aktiv olacağını istisna etmir. Yəni kredit portfelinin artacağı ehtimalı daha ciddidir. Kredit faizlərinin bu fonda aşağı düşməsi məsələsinə gəldikdə, bu məsələ birbaşa olaraq bankların müəyyənləşdirə bildiyi məqam deyil. Ümumiyyətlə, iqtisadiyyatda və regional, qlobal səviyyədə baş verən proseslərin cərəyan etməsi əsasında bankların bazar faizi də risqlər fonunda formalaşır. Burada inflyasiya rəqəmi də əsas rol oynayır. Bu il Azərbaycanda inflyasiya aşağı həddə düşüb. Digər tərəfdən, mövcud vəziyyətdə banklar resursları yerləşdirməkdə maraqlıdır. Belədə risqin azalması fonunda kredit faizlərinin aşağı düşəcəyi gözləniləndir”.

Rüfət NADİROĞLU