Radikal müxaliflərin Qərb məyusluğu

1 Sentyabr 2018 10:30 (UTC+04:00)

Almaniya kansleri Angela Merkelin Azərbaycanda vətəndaş cəmiyyəti fəalları ilə görüşü müxalifət daxilində narazılığa səbəb olub. Xüsusilə də, AXCP sədri Əli Kərimlinin tərəfdarları bu görüşün əhəmiyyətini aşağılayan, oradakı iştirakçıları gözdən salan açıqlamalar verməkdədirlər. Sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, radikal müxalifət böyük ümidlə yanaşdığı Merkelin Bakı səfərinin nəticələrindən məyus olub. Müxalif düşrgənin bu məyusluğuna səbəb nədir və demək olarmı ki, onlar artıq heç kimi üçün əhəmiyyət kəsb etmir? 

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifət ölkə daxilində heç bir nüfuza malik olmadığından Avropadan gələn yüksək çinli dövlət rəsmiləri də onlarla görüşə vaxt ayırmırlar: “Azərbaycanda demokratiyanın əsas əlamətlərindən biri də ölkəmizdə çoxpartiyası sistemin mövcud olmasıdır. Çoxpartiyalı sistemdən yararlanan qruplar da ölkəmizdə müxtəlif partiyalar yaradıb. İndi ölkəmizdə onlarla qeydiyyatdan keçən siyasi partiya fəaliyyət göstərir. Bir sıra ölkələrə səfər edən demokratik dövlətlərin rəhbərləri, nümayəndə heyətləri bir qayda olaraq təkcə hakimiyyət nümayəndələrilə deyil, eyni zamanda, ölkənin ictimai siyasi həyatında fəal mövqe tutan müxalifət partiyaları ilə də görüşür. Çünki bu, bir qaydadır, müxalifət partiyaları nə zamansa iqtidara gələ bilərlər. Bu mənada gələn yüksək rütbəli qonaqlar müxalifətlə də görüşərək ölkələrilə bağlı münasibətlər baxımından onların münasibətilə də tanış olurlar.

Eyni zamanda, belə görüşlərdə digər müxtəlif mövzularda da müzakirələr aparılır. Amma adətən bu, o müxalif qüvvələrlə olur ki, onlar ictimai-siyasi proseslərə təsir etmək gücündə olan partiyalardır. Göründüyü kimi, uzun illərdir Azərbaycana Avropa Birliyinə daxil olan dövlətlərdən gələn ölkə rəhbərləri burada heç zaman müxalifət partiya nümayəndələrilə görüşməyib. Aydın məsələdir ki, ölkəmizə gələn həmin rəhbərlər Azərbaycan barədə dəqiq məlumata malik olurlar.

Bu mənada gələn qonaqlar da gözəl bilir ki, Azərbaycanda müxalifəti təmsil edən siyasi təşkilatlar nəinki siyasi proseslərə təsir etmək mənasında heç bir gücə malik deyillər, onlar hətta bir çox hallarda Bakı ilə Avropa arasında münasibətlərə xələl gətirməyə çalışıblar.

Ona görə də radikal müxalifət partiyaları artıq Avropa dövlətlərinin də gözündən düşüb. Bu səbəbdən ölkəmizə gələn nümayəndə heyətləri həmin qüvvələrlə təmas görüşmür. Baxmayaraq ki, həmin qüvvələrin rəhbərləri çox təkid edir, məktub edir, səfirliklərə müraciət edirlər. Amma bütün bunlar qulaqardına vurulur. Ona görə ki, radikal müxalifət partiyaları özlərini tam olaraq gözdən salıb, heç bir ictimai-siyasi təsirə malik deyillər. Həmin səbəbdən gələn yüksək rütbəli qonaqlar müxalifət partiya təmsilçilərilə heç bir görüş keçirmir”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı qeyd etdi ki, radikal müxalifət Azərbaycanda söz sahibi olmadığından, ölkəmizə gələn Avropa rəsmiləri də onlarla görüşməyə lüzum görmürlər: “Əslində, bu yaxınlarda Azərbaycanda səfərdə olan

Almaniya kansleri Angela Merkelin hər hansı müxalifət liderlərilə görüşü baş versəydi də, heç nə dəyişməyəcəkdi. Merkel Azərbaycanda nəyi həll edir ki?

Azərbaycanda söz sahibi Azərbaycan xalqıdır. Ona görə də düşünmürəm ki, Merkel burada hansısa müxalifət sədrilə görüşsəydi belə, nəsə bir hadisə baş verəcəkdi. Merkel Gürcüstanda müxalifət rəhbərlərilə də görüşüb. Həmçinin, düşmən Ermənistanda da anoloji addımı atıb. Amma Azərbaycanda heç bir müxalifət təmsilçisilə görüşmədi.

Bu, bir daha onu sübut edir ki, Azərbaycanda radikal müxalifətin heç bir önəmi yoxdur.  Bu qüvvələr nə sosial bazaya, nə də hər hansı bir beynəlxalq nüfuza malik deyillər. Nə də ki, hansısa bir ölkənin rəhbərinin diqqətini cəlb etmirlər. Çünki müxalifət rəhbərləri Azərbaycanda söz sahibi deyil. Hər hansı bir ölkəyə səfər edən dövlət rəhbərləri o ölkə barədə məlumata malik olurlar. Bu mənada Azərbaycana gələn Avropa liderləri də görür ki, ölkəmizdə cəmiyyətdə heç bir dəstəyi olmayan radikal müxalifətlə görüş keçirməyin heç bir  mənası yoxdur. Merkel sadəcə, bir sıra QHT rəhbəri ilə görüşdü və bu da heç nəyi dəyişmədi. Lakin onlar da əksəriyyətlə Merkellə görüşdə öz dövlətlərinin maraqları əlehyinə çıxış ediblər. Belə görüş Merkelin Ermənistan səfəri zamanı da olub. Lakin ermənilər hər fürsətdən istifadə edərək, ancaq Dağlıq Qarabağdan danışıblar. Ölkəmizdə isə bir zamanlar bu kimi görüşlərdə QHT-ləri təmsil edən şəxsləri kimlər idi, indi isə kimlər təmsil edir. Müqayisə üçün deyim ki, vaxtilə Novella Cəfəroğlu bu görüşlərdə təmsil olunurdusa, indi öndə görünən Xədicə İsmayıldır. Onlar isə Azərbaycanı gözdən salmaq, dövlətimiz əleyhinə danışmaq yolunu tutub”.

Mübariz BAYRAMOV