Ermənistan yeni siyasi kataklizmlərlə çalxalanır

1 Sentyabr 2018 09:15 (UTC+04:00)

Ermənistan parlamentində təmsil olunan  “Daşnaksutyun” və Respublika partiyaları sabiq prezident Robert Köçəryanı açıq dəstəkləyərək onu fəal siyasətə çağırırlar. Bu partiyalar artıq sabiq prezidentə açıq dəstək də verirlər. Qarabağ separtçıları da Köçəryanı dəstəkləyir.

Qeyd edək ki, Nikol Paşinyan Serj Sarkisyanı hakimiyyətdən salıb iqtidara yiyələndikdən sonra onun fəaliyyəti heç də hamar getmir. Düzdür, hələlik xalq arasında onun nüfuzu güclü olsa da, parlament əslində elə Köçəryan-Sarkisyan cütlüyünün əlində qalmaqdadır.

Paşinyan “Qarabağ klanı”nı zəiflətmək üçün bir sıra addımlara getdi. Sarkisyanın yaxınları, bir sıra generallar, hətta Köçəryanın özü həbs edildi. Amma sonrakı hadisələr fonunda Köçəryan və bəzi generallar da azad edildi. Aydın məsələdir ki, burada Rusiya təzyiqi olub. Köçəryan isə azad edilər-edilməz bəyanatla çıxış edərək yenidən siyasi fəaliyətə qayıdacağının anonsunu verdi. İndi də göründüyü kimi, onun parlamentdə çoxluq təşkil edən həmfikirləri Köçəryanı aktiv siyasətə dəvət edirlər. Bəllidir ki, bu ssenari əvvəldən hazırlanmış bir oyundur. Burada da məqsəd “Qarabağ klanı”nın Paşinyandan revanş götürmək niyyətindən qaynaqlanır. Həra halda gözlənilən odur ki, Ermənsitanda qarşıdakı dövrdə daxili gərginlik daha da artacaq.  Bu hal Ermənistanda siyasi qarşıdurmanı dərinləşdirərək siyasi kataklizmlərə rəvac verə bilərmi?

Politoloq Natiq Miri bildirdi ki, Ermənistandakı siyasi qarşıdurmanın Rusiyanın marağı fonunda dərinləşərək siaysi kataklizmlərə çevrilməsi ehtimalı böyükdür: “Ermənistanın Respublika Partiyası ilə hər zaman onunla müttəfiq olan ifrat-millətçi «Daşnaksütyun» Partiyasının Robert Köçəryanı fəal siyasətə çağırmasının arxasında onu deyim ki, təkcə Ermənistandakı siyasi qüvvələrin maraqları dayanmır. Nəzərə alaq ki, bu maraqların arxasında həm də Rusiya durur. Ona görə də düşünürəm ki, müəyyən mərhələyə qədər cərəyan edən bu proseslər siyasi fonda getməkdə davam edəcək. Seçki ərəfəsində isə ola bilsin Rusiyanın dəstəyilə Köçəryan və onun dəstəsi  siyasi revanş götürməyə çalışacaq. Bu mümkün olmasa və Paşinyan hökuməti gələcəkdə də Rusiyaya qarşı çıxmaqla Qərbə inteqrasiya xətti götürməkdə davam edərsə, artıq düşmən ölkədə siyasi kataklizmlərə rəvac veriləcək. O zamana qədər isə, indi cərəyan edən siyasi proseslər getməkdə davam edəcək. Ayrıca onu da nəzərə alaq ki, bu siyasi proseslər həm də Rusiyanın əlaltısı olan Sarkisyan rejiminə məxsus oliqarx və siyasətçilərin bundan sonra həbsinin qarşısını almağa yönəlib. Bu səbəbdən düşünürəm ki, cərəyan edən hazırkı proses hələ bir müddət gedəcək. Onu da qeyd edim ki, Ermənistan ictimaiyyəti Sarkisyan və «Daşnaksütyun» Partiyasından yana mövqe hələlik ortaya qoymur. Hələ də Paşinyan hökuməti xalq tərəfindən dəstəklənir. Onların hakimiyyətə gətirdikləri Paşinyandan konkret gözləntiləri var. Paşinyan bu gözləntiləri yerinə yetirə bilməsə, təbii ki, ona qarşı siyasi kataklizmləri həyata keçirmək daha asan olacaq”.

Politoloq Elşən Mustafayev də düşünür ki, Ermənistan daxilində siyasi proseslər daha da kəskinləşəcək: “Ermənistanda “Qarabağ klanı”nın Paşinyandan revanş götürməyə çalışacağı öncədən görünən proses idi. Paşinyan hakimiyyətə gələndə ilk addımı “Qarabağ klanı”nı zərərsizləşdirməkdən ibarət olub. Ona görə yox ki, Paşinyanın Dağlıq Qarabağla bağlı fərqli mövqeyi var. Sadəcə, öz hakimiyyətini qorumaq üçün ona maneə olan bütün qüvvələri neytrallaşdırmalı idi. Ona maneə olan məqamlardan biri isə parlamentdə keçmiş hakimiyyətin əksəriyyəti qoruyub saxlamasıdır. Köçəryanla Sarkisyan əslində eyni düşünən siyasi fiqurlardır. Hər ikisi “Qarabağ klanı”nı təmsil edir, Köçəryan hakimiyyəti məhz Sarkisyana ötürüb. Amma Köçəryan uzun müddətdir hakimiyyətdə olmadığından Sarkisyan qədər nüfuzdan düşmüş vəziyyətdə deyil. Bu mənada köhnə komanda Köçəryanın köməyilə revanşa nail olmaq istəyir. «Daşnaksütyun»un onlara qoşulması da təsadüfi deyil. Baxmayaraq ki, həmin partiyanın maliyyə kökləri daha çox Amerikaya bağlıdır. Amma görünür, onların Paşinyanla toqquşan strateji maraqları olduğundan Köçəryanı müdafiə etməyə keçiblər.

Burada Rusiya faktorunu da kənara qoymaq olmaz. Köçəryan birbaşa Rusiyaya bağlı insandır. Eyni zamanda, o, Rusiya iqtisadi dairələrində kifayət qədər tanınıb. Yaranmış vəziyyəti Ermənistanda siyasi hakimiyyətin çalxalanması nöqteyi-nəzərindən qiymətləndirəndə, prosesdə Moskvanın da marağının olduğunu görə bilərik. İnanmıram ki, Köçəryan özbaşına olaraq aktiv siyasətə qayıtmağa qərar versin. Köçəryan həbsdə olmasa da, ona qarşı cinayət işi qaldırılıb və istintaq hələ də davam edir.

Sözsüz ki, hadisələrin belə inkişafı Ermənistan daxilində siyasi proseslərin daha da gərginləşməsinə aparıb çıxara bilər. Bu gözləniləndir. Paşinyan qısa müddət ərzində ölkədə yeni parlament seçkilərinin keçirilməsinə nail olmasa, o zaman faktiki olaraq ölkəyə bütövlükdə nəzərət etmək onun üçün çətin olacaq. Çünki, parlamentdə çoxluq Paşinyana rəqib partiyanın nəzarətindədir. Belə olan halda ölkəyə hansı nəzarətdən söhbət gedə bilər. Paşinyan növbədənkənar parlament seçkilərini keçirə bilmədiyindən gələcəkdə düşmən ölkədə sözsüz ki, siyasi mübarizənin kataklizmlər formasında gərginləşməsinin şahidi olacağıq. Hər halda görünən odur ki, Paşinyana qarşı ciddi müxalifətin formalaşmasına start verilib ki, burada Moskvanın izi də kifayət qədər görünür. Yaxın gələcəkdə Paşinyan “Qarabağ klanı”nın fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində ciddi inqilabı addımlar ataraq, komandasının möhkəmləndirilməsinə nail ola bilməsə, sözsüz ki, “Qarabağ klanı” yaranmış vəziyyətdən maksimum istifadə edib, növbəti dəfə hakimyyəti ələ keçirəcək”.

Rüfət NADİROĞLU