Müdafiə naziri: Fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır (FOTO)

1 Sentyabr 2018 13:23 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, nazirin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.
Ali Baş Komandan İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdıran Müdafiə naziri xüsusi olaraq vurğulayıb ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır.

Qoşunlarda aparılan intensiv döyüş hazırlığı, gündəlik fəaliyyət və döyüş işinin təşkili, xidməti və döyüş fəaliyyətinin hərtərəfli təminatı, əməliyyat hazırlığı tədbirlərinin planlaşdırılması, həmçinin cəbhə bölgəsində yerləşən və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən müdafiə naziri müvafiq göstərişlər verib.

Eyni zamanda general-polkovnik Z.Həsənov müxtəlif səviyyəli təlimlərin, planda nəzərdə tutulan digər vacib tədbirlərin təşkili və keçirilməsi, o cümlədən şəxsi heyətin, maddi-texniki vasitələrin, xüsusilə dağlıq ərazilərdə yerləşən postların və mövqelərin qış mövsümünə hazırlığının aparılması ilə bağlı tapşırıqları da müəyyən edib.