Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır

1 Sentyabr 2018 14:18 (UTC+04:00)

Azərbaycan-Rusiya münasibətləri tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır.

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir. Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək. Dəvətə görə bir daha təşəkkür edirəm”.